Xaricdə təhsil proqramı çərçivəsində hər il 400 nəfər magistratura pilləsi üzrə xaricdəki təhsil müəssisələrində təhsillərini davam etdirə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu proqram mərkəzləşdirilmiş qaydada təqaüdlərin verilməsi, sığorta xərcləri və təhsillə bağlı bütün xərcləri ödəyəcək:
"Bu proqramın əvvəlkilərdən fərqi odur ki, konkret proqramlar elan ediləcək. Məsələn, hər hansı ölkənin universitetində iqtisadiyyat yüksək keyfiyyətlə tədris olunur, amma digər ixtisaslarda bu göstərici aşağıdır. Bu proqram sayəsində ixtisaslar və universitetlər reytinqinə görə qeyd olunacaq".
Nazir bildirib ki, proqram çərçivəsində mart ayının sonuna qədər siyahılar təqdim olunacaq: "Tələbələrimiz indidən aktiv şəkildə müraciət edə bilərlər. Bəzi universitetlərin qəbul proseduru bitib, bu, bizdən asılı səbəb deyil. Amma qəbulu mümkün olan universitetlərə tələbələr sənəd verə bilərlər. Bu il dünyanın ən yaxşı 500 universitetinin adını proqrama daxil etdik. Seçimlər mərhələli şəkildə aparılacaq".
Emin Əmrullayev bildirib ki, nəticələr açıqlandıqdan sonra iyun ayında boş qalan yerlərə seçimlər aparılacaq: "400 tələbə limitinin tam dolması üçün yüksək göstəricisi olub, amma kənarda qalan tələbələr nəzərə alınacaq. Burada tələbənin bakalavr təhsilinin uyğunluğuna da baxılacaq".