Ürək xəstəlikləri günümüzün ən çox yayılmış sağlamlıq problemlərindəndir. Bunlardan biri də miokard infarktıdır.
Teleqraf.com xəbər verir ki, miokard infarktı ürək əzələsinin işemik nekrozudur. Qan dövranının kəskin pozulması nəticəsində əmələ gəlir. Bu zaman ürək əzələsinin müəyyən bir nahiyəsinə qan axınının kəsilməsi nəticəsində həmin nahiyədə hüceyrələrin məhvi baş verir. Miokard infarktı həyat üçün təhlükəli ağırlaşmalar yarada bilən ciddi xəstəlikdir.
80-90 faiz hallarda miokard infarktının anginoz variantına rast gəlinir. Döş sümüyü arxasında ağrı xəstəliyin xarakterik əlamətlərindəndir. Bu ağrı stenokardiya tutmasından fərqlidir. Ağrı daha güclü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur. Ağrı qəfil başlayır, maksimal intensivliyə tez çatır.
Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çatışmazlığı əlamətləri görünə bilər. Çox tərləmə, başgicəllənməsi, kəskin halsızlıq, taxikardiya, ətrafların soyuması, arterial təzyiqin enməsi kimi simptomlar müşahidə olunur. Həmçinin, təngnəfəslik və ritm pozğunluqları, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi ilə nəticələnir.