Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – Qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 31 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla səkkiz nəfər, o cümlədən paytaxtın Suraxanı və Nərimanov rayonlarında baş vermiş avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış dörd nəfər və Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd edən bir nəfər xilas olunub.
Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.