Yeni dərs ilinin başlamasına iki həftədən də az vaxt qalır. Baxmayaraq ki, Bakıda məktəbli yarmarkaları avqustun ortalarından başlayıb, amma valideynlər məktəb ləvazimatlarının, eləcə də məktəbli formalarının alış-verişinə son günlər start verib. Bu da bazarlığın əsas komponenti sayılan məktəbli formalarının satıldığı mərkəzlərin qarşısında izdiham yaradır.
Qeyd edək ki, bu il də məktəbli formalarını Bakı Tikiş Evi (BTE) ilə yanaşı, həm də paytaxtda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsindən də əldə etmək mümkündür.
Həm BTE-nin, həm də “Bravo” supermarketlər şəbəkəsinin qarşısında izdiham yaşanır. “Bravo”da lazımi rəngdə və ölçüdə məktəbli forması tapa bilməyən valideynlərin son ümid yeri BTE-dir. Böyük məşəqqətlə məktəbli forması əldə edən valideynlərin problemi bununla bitmir. Onlar əldə etdikləri malın keyfiyyətindən çox narazıdırlar.
İctimaiyyətdə yeni məktəbli formaları alan valideynlərə münasibət birmənalı deyil. Çünki Elm və Təhsil naziri Emin Əmrullayev media üçün brifinqində məktəbli formasından danışarkən bunun məcbur olmadığını bildirmişdi.
“Məktəbli formasının mahiyyəti budur ki, hamı bərabər olsun. Hamı ev mühitini məktəbə daşımasın, kimsə varlı olmasına görə fərqlənməsin. Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçilməsi məqsədəuyğundur. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin ki, bu forma olmalıdır” – deyə, nazir vurğulayıb.
Məlumat üçün bildirək ki, Nazirlər Kabineti 2022-2023-cü tədris ilindən tətbiq ediləcək “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib.
Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.
Təhsil eksperti Elşən Qafarov Teleqraf.com-a açıqlamasında mövcud situasiyaya münasibət bildirib.
O, məktəbli formaları ilə bağlı yaranmış son vəziyyətdə məktəblərin pedaqoji şuralarını günahlandırıb: “Nazirlər Kabineti martın 17-də məktəbli formaları ilə bağlı qərar verib. Qərara əsasən, məktəblərin pedaqoji şuraları təqdim olunan 4 növ formanın hansından istifadə olunması ilə bağlı qərar qəbul etməli, bundan sonra seçilmiş nümunə BTE-yə təqdim olunmalı idi. Amma ötən 6 ay müddətində bu seçim edilmədi. BTE də hansı formadan nə qədər tikiləcəyi ilə bağlı konkret sifariş almadı. Nəzərə almaq lazım idi ki, cari ildə ölkədə 1 milyon 600 min şagird ümumi təhsil müəssisəsinə gedəcək. Nəticədə BTE bu 4 növ formanın cəmi ikisini tikib”.
Elşən Qafarovun sözlərinə görə, adıçəkilən mağazalar şəbəkəsi istənilən növ məhsulların ölkədə ən ucuz satışını təşkil edir: “Burada formanın baha olmasından söhbət gedə bilməz. Eyni zamanda mütləq belə bir qayda qoyulmayıb ki, o mağazalar şəbəkəsindən başqa digər mağazalar məktəbli formaları satıla bilməz. Başqa sahibkarlar da BTE ilə razılaşdırıb məktəbli formalarının digər mağazalarda satışını təşkil edə bilərlər”.
Yaranan izdihama gəlincə, ekspert qeyd edib ki, bu, BTE-nin qısa müddətə kifayət qədər məktəblini geyindirə bilməyəcəyi anlamına gəlmir: “Məsələnin səbəbi başqadır. Adətən valideynlər tədris ilinin başlamasına son 10 gün qalmış forma almağa başlayırlar. Bu zaman təbii olaraq sıxlıq yaranır. Bununla bağlı ciddi narahat olmağa dəyməz. Hesab edirəm ki, digər sahibkarlar da BTE ilə əlaqə saxlayıb birbaşa həmin məhsulların satışını təşkil etsə, yaranmış vəziyyət aradan qalxar.
Düşünmürəm ki, BTE satışın və ya forma tikməyin öhdəsindən gələ bilmir. Burada iki əsas amil var. Birinci, sifarişlər vaxtında verilməməsi, ikinci, valideynlərin ənənəvi olaraq tədris ilinin başlamasına bir həftə qalmış forma almağa eyni vaxta müraciət etmələridir. Bu il məktəbə başlayan şagirdlərin sayına nəzər salanda təbii ki, satış mərkəzlərinin qarşısında sıxlıq yaranacaq. Seçim etmə üçün formanı məktəbliyə geyindirmək də vaxt aparan prosesdir, valideynlər bunu nəzərə almalıdır. Kifayət qədər məktəbli forması tikilib”.