9 Dekabr 2014 16:51
2 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dünən Sabirabad şəhərində vətəndaşlarla görüş keçirib.

Teleqraf.com xəbər verir ki, qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayon və Şirvan şəhər sakinləri və həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Görüş zamanı vətəndaşlar Komissiya sədrinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulmuş dəyişikliklər, o cümlədən qabiliyyət imtahanlarının keçirilmə qaydaları və tətbiq olunmuş yeniliklər, buraxılış imtanları, orta ixtisas təhsili müəssisələrinə qəbul və s. məsələlər barədə müraciətlər etmiş və regionlarda keçiriləcək sınaq imtahanlarının sayının artırılmasını təklif ediblər.

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılıb.

Görüşdən sonra Məleykə Abbaszadə Sabirabad, Saatlı və Hacıqabul rayonlarının təhsil şöbələrinin müdirləri ilə görüş keçirib və həmin rayonların məzunlarının 2014-cü ildə qəbul və buraxılış imtahanlarında göstərdikləri nəticələr müzakirə olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər