Milli Məclis Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Teleqraf.com xəbər verir ki, qanun əsasən hərbi qulluqçuların dövlətə vurduğu ziyanın maddi məsuliyyətini müəyyən edir.
Siyavuş Novruzov deyib ki, Azərbaycan ordusu nəinki Qafqazın, dünyanın aparıcı orduları sırasındadır:
“Daima müasir silah-texnika alınır. Kifayət qədər vəsait ayırıb aldığımız texnikanın sıradan çıxması ordumuz üçün ziyandır. Burada da iki məqam nəzərə alınmalıdır. Nəzərə almalıyıq ki, Azərbaycan ordusu çağırışçılardan və müqaviləli xidmət göstərənlərdən formalaşır. Texnikanın sıradan çıxması isə ehtiyatsızlıqdan və ya bilərəkdən ola bilər. Ona görə texnikalara ciddi şəkildə baxılmalı, qorunmalıdır. Bu məsələdə əsas yük müqavilə ilə xidmət edənlərin üzərinə qoyulmalıdır. Onlar müqavilə ilə gəlirlər və xidmətlərinə görə əməkhaqqı alırlar, yəni peşakardırlar. Çağırışçılar isə belə texnikalarla ilk dəfə tanış olurlar, ona görə onları birbaşa texnikalardan istifadə üçün təlimə cəlb etmək düzgün deyil".