2 Mart 2023 22:54
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Kitab Mərkəzində Hamlet İsaxanlının "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə millət vəkilləri, yazıçılar, incəsənət nümayəndələri iştirak edib.

Qarabağa aid həm keçmiş, həm də indiki zamanda çoxlu kitablar yazıldığını bildirən yazıçı Anar Rzayev bu fonda "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının əhəmiyyətindən danışıb.

"Bu kitabda Qarabağa müxtəlif yöndən baxışlar var. Həmçinin Qarabağdan çıxan maarifçilər barədə də ətraflı məlumatlara rast gəlmək mümkündür. Kitabı oxuyanda fikirləşdim ki, həmin maarifçilərin yolunu davam etdirənlərdın biri Hamlet İsaxanlıdır. O maarifçi işığı məşəl kimi bu günlərə gətirənlərdən biridir. Xəzər Universitetin yaranması dediklərimin sübutudur".

Hamlet İsaxanlını həm də şair, tərcüməçi adlandıran yazıçı onu 75 illik yubileyi münasibəti ilə təbrik edib:
"Öz təcrübəmdən çıxış edərək deyim ki, 75 yaş elə də qorxunc yaş deyil".

Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bildirib ki, "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabında yeni araşdırma materialları mövcuddur:
Qarabağ bizim ən şərəfli, məsuliyyətli mövzumuzdur.
Azərbaycanlı olmayan müəlliflərin əsərlərində həm də ümumiyyətlə Qarabağın tarixinə aid olan mənbələrdən gətirdiyiniz sitatlar,faktlar ilk dəfə Azərbaycan Qarabağnaməsinin dövriyyəsinə daxil olur.
Bu mövzudan yazan bir çox müəlliflərin bir çoxu birtərəfli mövqedən çıxış edir. Siz isə tərəfsiz çıxış edirsiniz.
Bu kitab təkcə elmi -publisistik əsər deyil, həm də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında sənədli bədii nəsrin mükəmməl nümunəsidir. Həmçinin bu kitab sizin siyasi mövqeyinizi biruzə verir. Sizin siyasətiniz dövlətçilik siyasətidir".

Mətbuat şurasının sədri Rəşad Məcid kitabdakı materialların zaman-zaman "525-ci" qəzetdə hissə -hissə çap olunduğunu diqqətə çatdırıb. "O vaxt İkinci vətən müharibəsi yenicə başa çatmışdı. Biz o dövrdə kitabın son hissələrini çap edib- etməməyə tərəddüd etdik. Hamlet müəllim kitabda azərbaycanlı və erməni yazıçılarının əsərlərindən sitatlar gətirir. Və bildirir ki, bizim yazıçılar erməni xalqının əleyhinə yazmayıb. Eyni zamanda erməni xalqının kin, nifrət püskürən yazıçılarının əsərlərindən misallar gətirir. Bir alim, bir ziyalı kimi əsərin son hissələrində birgə yaşayış arzuları ifadə olunur. Biz iki il qabaq hiss edirdik ki, bunun hələ vaxtı yetişməyib. Artıq bu gün Qarabağdakı erməni sakinləri ilə təmaslar qurulduğu bir dövrdə o qənaətdəyəm ki, bu düşüncənin üstünlüyü qalib gəlməkdədir".

Kitabda Qarabağa dərin sevginin olduğunu bildirən Rəşad Məcid təəssüflə qeyd edib ki, Hamlet İsaxanlı hələ də Şuşaya səfər etməyib.

"Hörmətli Ədalət Vəliyev biz keçən il çalışdıq amma Vaqif Poeziya Günlərinə Hamlet müəllimi apara bilmədik. Ümid edirəm, bu il alınacaq".

Gecəyə xanəndələr Alim Qasımov, Fərqanə Qasımova, Nəzakət Teymurovanın ifası xüsusi rəng qatıb.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova

Oxşar xəbərlər