25 Avqust 2023 17:13
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erkən nikah ölkəmizin ən ciddi problemlərindən birinə çevrilib. Bu, Azərbaycanda qanunla qadağan olsa da, bəzi ailələr buna hələ də əhəmiyyət vermirlər. Erkən nikah tək bir gəncin məhv olması deyil, cəmiyyətin məhv olması deməkdir.

Cənub bölgəsindən olan azyaşlı Elnarə Səmədova (ad soyad şərtidir) ailəsinin təkidi ilə özündən 17 yaş böyük kişi ilə nişanlanıb. Elnarə özünün razılığı olmadan, ailəsinin təzyiqi ilə bu addımı atdığını qeyd edib:

“Ailədə beş nəfərik - anam, qardaşım, nənəm, babam və mən. Atam mən körpə ikən bizi qoyub Rusiyaya gedib. Deyəsən orada ailəsi də var. Atamın nə səsini eşitmişəm, nə də üzünü görmüşəm. Əvvəllər atam üçün darıxsam da artıq yoxluğu mənə elə də təsir etmir. Amma bir gün onun yanımda olmasını istədim. Səhər təzə açılmışdı anam dedi ki, evə qonaq gələcək, dur hazırlaş. Ev-eşiyi tələsik yığışdırırdı. Gələn orta yaşlı qadın idi. Mən hələ də heç nə anlamırdım. Qonaq gedəndən sonra anam yanıma gəlib “səni verdik” dedi. Əslində bu söz mənə çox tanış idi. Evdə tez-tez eşidirdim. Qonşu Əlinin qızını “veriblər”, o biri kənddən “alıblar”. Bir anlıq şok oldum. Çünki belə şey ola bilməzdi. 9-cu sinfi təzə bitirib sənədlərimi kollecə vermişdim, hətta qəbul olmuşdun. Sadəcə qəbul olduğum təhsil ocağı Cənub bölgəsinin digər rayonunda yerləşirdi. Gecə-gündüz ağladım. Anam isə əsəbi tonda, - atan bizi atıb, Rusiyaya gedib, səni bu “ləkə” ilə kim alacaq? - deyə qışqırırdı. Bu söz məni olduqca çox incitmişdi. Artıq 5 ay idi ki, nişanlı idim. Həmən şəxsi bir dəfə görmüşdüm. Üzünə belə baxmaq istəmirdim, nifrət edirdim. Hər gün ağlıma başqa planlar gəlirdi. Ya evdən qaçacaqdım, ya da intihar edəcəkdim. Nişanlıma nə qədər onu istəmədiyimi desəm də, heç bir sözümə əhəmiyyət vermirdi. Bir gün dözməyib evdəkilərlə dava etdim. Özümə nəysə edəcəyimlə onları qorxutdum. Anam ilk dəfə idi məni belə görürdü. Bundan çox təsirlənmişdi. Oğlanın anasına zəng edib üzüyü qaytaracağını bildirdi. Özüm də şokda idim. Ömrümün ən pis ayları artıq geridə qalıb. Onunla birgə gözəl günlərim, gələcəyim, ümidlərim də geridə qaldı”.

Hadisə ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Publika.az-a açıqlamısında bildirib ki, cəmiyyətdə olan problemlərin kökünün bir hissəsi erkən nikahdır.

“Problemin biri ondan ibarətdir ki, hələ ailə və dünya haqqında məlumatı olmayan gənc qızı hətta deyərdim ki, uşağı itələyirlər ki, get, ailə qur. Az yaşda ailə quran qızlarımız təhsildən geri qalır. Bir qadının, ananın təhsilsiz qalması cəmiyyətin təhsilsiz olması deməkdir. Belə olduğu halda uşaqlarını cəmiyyət üçün düzgün yetişdirmirlər. Digər tərəfdən isə zaman keçdikcə onun yeni dünya görüşü formalaşır. Həm də burada yaş faktoru var. Düşüncələri dəyişir, bu da boşanmaya gətirib çıxarır. Ailədə mənəvi dəyərlərə zərbə vurulması cəmiyyətə vurulan zərbədir. Bu məsələ ilə bağlı rəsmi qurumlar bilmirlər ki, problemin qarşısını almaq üçün xüsusi geniş elmi metodlarla fəaliyyət proqramı hazırlamaq lazımdır. Əksər rəsmi qurumların bundan xəbəri yoxdur”.

Sosioloq vurğulayıb ki, cəmiyyətimizdə baş alıb gedən erkən nikah geniş təhlil olunmalıdır:

“Bununla yanaşı əsasən erkən nikaha girən gənclərin valideynləri ilə danışmaq lazımdır. Onların arasında sosioloji sorğular aparılmalıdır. Bir vaxtlar özüm belə bir sorğu aparmışam, məlum olub ki, övladlarını erkən yaşlarda ailə qurmağa təhrik edən valideynlərin özlərinin bu məsələ barədə təsəvvürləri yoxdur. Bir az söhbət etdikdən sonra görürsən ki, özləri düşünüb başqa qərar verirlər. Məsələnin ciddiliyinin fərqinə varırlar. Erkən nikaha girməyin əsas səbəblərindən biri odur ki, qızlarımızın təhsil alması üçün normal şərait yaratmırıq. Cənub rayonlarının birində ailə ilə söhbət edirdim. Ailə bildirdi ki, qızımı Bakıya göndərməyə pulum yoxdur. Rayondan Bakıya oxumaq üçün gələn bir şəxsə nə qədər pul lazımdır. Kirayə ev, kommunal, kitablar, ərzaq, geyim və başqa ehtiyaclar. Amma əvvəllər belə deyildi. Ən azı yataqxanalar var idi. Rayonlarda müşahidə apardıqda məlum olur ki, qadınlar üçün iş yerləri çox məhduddur, yaxud heç yoxdur”.

Ə.Qəşəmoğlunun vurğulayıb ki, erkən nikaha sürüklənən hər bir qızın günahkarı təkcə ailəsi deyil, həm də cəmiyyətdir:

“Rayonlarımızın hər birində çox sayda iş yerlərinin açılması imkanı var. Amma təəssüf ki, mütəxəssislərimiz bu sahə ilə naraqlanmır, öz məsləhət və tövsiyyələrini vermirlər. İşsizlik isə rayon sakinlərinin həyatına mənfi təsir edir. Ailə görür ki, qız uşağı böyüyür, nə təhsil almaq imkanı var, nə də iş yeri. Belə olduğu halda məsələnin həllini qızları ərə verməkdə görürlər. Valideynləri narahat edən digər məsələ isə dünyada baş alıb gedən qadın alveridir. Ona görə də fikirləşirlər ki, qızları tez ərə verib ailə sahibi etsinlər. Burda medianın da xüsusi rolu olmalıdır. Belə ki, yalnız baş vermiş neqativ halları işıqlandırmamalı, uğur qazanmış gənclərin həyat və yaradıcılığı haqqında maarifləndirici süjetlər, məqalələr yayımlamalıdır. Belə olan təqdirdə isə yuxarıda danışdığımız neqativ halların qarşısı qismən də olsa alınmış olar. Bir daha deyim burada təbliğat çox önəmlidir. Ümumiyyətlə, ölkə olaraq ictimai qınağa hazır deyilik. Çünki o hansısa bir müəyyən məsələyə əsaslanır. İndi çox qarışıqlıq var. Məlum deyil ki, cəmiyyətdə əsas aparıcı prinsiplər nədir və hansılardır. Ona görə də bu gün bizdə ictimai qınaq formalaşa bilmir. Hər bir şeyin həlli elmdir. Amma təəssüflər olsun ki, bu yöndə də işlər getmir”.

Vəkil Vüsalə Muradxanlının sözlərinə görə, erkən nikahlar birbaşa olaraq yalnız gənc ana və uşaq üçün deyil, həm də cəmiyyət üçün mənfi fəsadları var:

“Belə ki, erkən nikahların sayının artması məişət zorakılığı hallarının baş verməsi üçün münbit şəraitin yaranmasına dəlalət edir. Erkən nikaha daxil olan qız uşaqlarının razılığı tələb olunmur. Ailələr tərəfindən məcburi şəkildə ailə qurmalarına sövq edilməsi gələcəkdə həmin ailə daxilində gənc qızların fiziki və mənəvi zorakılığına məruz qalmalarına yol açır. Erkən nikahın gənc və təhsilsiz qurbanı olan qızlar və onların uşaqları həssas təbəqəyə çevrilərək ailə daxilində zorakılıqdan əziyyət çəkərək kənar yardım olmadan ondan qurtula bilmirlər. Zorakılıq qurbanlarının keçirdiyi psixoloji sarsıntı həm gənc ananın, həm də onun uşağının cəmiyyətin tam və bərabərhüquqlu fərdinə çevrilməsində və üçüncü şəxslərlə sağlam əlaqə qurmasında keçilməz əngələ çevrilə bilər. Bu da öz növbəsində məişət zorakılığı ilə mübarizə aparan dövlət orqanlarının yükünü artırır. Belə ki, qurbanların təhlükəsiz şəraitdə sığınacaqlarda saxlanması, onların reabilitasiyası və gələcəkdə məşğulluğunun təmin edilməsi üçün onları təhsil imkanları ilə təmin etmə dövlətin birbaşa vəzifəsidir”.

Vəkil diqqətə çatdırıb ki, müvafiq dövlət orqanları şagird və gənclərlə yanaşı ailələrlə də danışıqlar aparmalıdır:

“Müvafiq dövlət orqanları erkən nikahların qarşısının alınması üzrə gənclər və şagirdlər arasında maarifləndirmə işləri aparırlar. Nəzərə almaq lazımdır ki, yetkinlik yaşına çatmamış gəncləri erkən nikaha sövq edən şəxslər bir çox hallarda birinci dərəcəli yetkin ailə üzvləri olurlar. Belə olduqda, təbii ki, maarifləndirmə tədbirləri daha çox icma daxilində yetkin üzvlər arasında aparılmalıdır. Rəsmi qurumlar preventiv tədbirlər daxilində daha çox maarifləndirmə məsələsinə diqqət ayırırlar. Belə tədbirlər daha da səmərəli olmaları üçün yerli icmaların ağsaqqalları və söz haqqına sahib üzvləri üçün nəzərdə tutulmalıdır. Bununla yanaşı, qanunun aliliyi və işləkliyi hər zaman prioritet olmalı və erkən nikah ailədaxili məsələ deyil, cinayət tərkibi yaradan hərəkət kimi dəyərləndirilməli və dövlət orqanları tərəfindən bu mövzuda güzəştə gedilməməlidir. Digər bir problem isə dövlət orqanları arasında bu mövzu ilə bağlı koordinasiyanın lazımi səviyyədə olmamasıdır. Təhsil müəssisələrinin gənc qızların tədrisdən yayınmalarının qarşısının alınması strategiyası və yayınma olduqda dərhal hüquq mühafizə orqanlarına və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilməsi üçün vahid platforma işə salınmalıdır”.

Yazı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən nikahlar erkən ölüm riskidir” layihəsi çərçivəsində hazırlanıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər