Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 27-sı saat 9-a olan məlumatına əsasən 26-da günün birinci yarısında ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli yağış, Şahdağda qar yağıb.
Xidmətdən Teleqraf.com-a bildirilib ki, sentyabrın 27-də gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.
Düşən yağıntının miqdarı Şahdağda 10 mm, Xaltanda 9 mm, Altıağacda 7 mm, Qobustan, Quba, Qusar, İsmayıllı, Ağsu, Gəncə, Şamaxı, Yardımlı, Astarada 2 mm-dək. Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Lerik, Qrız, Daşkəsən, Cəfərxan, Biləsuvar, Şahdağda duman müşahidə olunub.
Havanın temperaturu sentyabrın 26-da Bakıda iqlim normasından 1.4 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 28 dərəcəyədək, Aran rayonlarında 30 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.