24 Oktyabr 2023 13:17
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində oktyabrın 24-də "Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.

Təlimin ikinci günündə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri tərəfindən birgə sızma fəaliyyətlərinin icra edilməsi, şərti düşmən PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməsinə imkan verilməməsi, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə şərti düşmənin Hava Hücumundan Müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılması əməliyyatları icra edilib. Həmçinin bölmələrimizin mütəşəkkil irəliləməsi təmin edilib, əldə olunmuş atəş üstünlüyü qorunub saxlanılıb, Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti təmin olunub.

Təlimdə mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar tərəfindən şərti düşmən mövqelərinə basqın edilərək onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri, “Bayraktar TB-2” vasitəsilə şərti düşmənin “İsgəndər” və “Toçka-U” taktiki raket komplekslərinin məhv edilməsi, bununla yanaşı, şərti düşmən mövqelərinin piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçirilməsi, piyada döyüş maşınlarından (PDM) desantın endirilməsi fəaliyyəti icra olunub. Həmçinin hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli şəxsi ələ keçirmək üçün şərti düşmən arxasına endirilməsi fəaliyyəti yerinə yetirilib.

Birgə taktiki təlim zamanı, həmçinin Azərbaycan və Türkiyə istehsalı olan silahlar da nümayiş etdirilib.

Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər