Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə Fövqəladə Hallar Nazirliyi informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyasını həyata keçirib.
Teleqraf.com xəbər verir ki, nazirlik “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC tərəfindən təklif edilən IaaS (Infrastructure-as-a-Service) bulud infrastrukturu xidmətindən yararlanıb.
Nazirlik informasiya sistemlərini qismən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin etmişdir.
Fövqəladə Hallar Nazirliyinin ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib. İlkin mərhələdə texniki xüsusiyyətlər və əhəmiyyətlilik dərəcəsi nəzərə alınaraq İT resurların mərhələli şəkildə miqrasiyasını özündə əks etdirən Yol Xəritəsi hazırlanıb.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.