Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu I Fəxri Xiyabanda dəfn ediləcək.
Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Teleqraf.com-a açıqlamasında bildirib ki, xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi sabah saat 14:00-da Akademik Dövlət Milli Dram Teatrında olacaq.
Qeyd edək ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994).
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).
Allah rəhmət eləsin!
Nərmin