Aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Teleqraf.com xatırladır ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlanıb.
Ramazan ayı insanlara Allah yolunda öz iradələrini, dözümlərini yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur.
Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətül-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda (97:1-5) bu gecə haqqında belə yazılır: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbimin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur".
Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Oruc tutmaqdan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlayır və 29-30 gün davam edir. Quranda (2:187) deyilir: "...Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın".
Orucluq İslamdan əvvəl də mövcud idi. Bu barədə Quranda (2:183) qeyd olunur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz".
Orucluq "Eydül-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
BAYRAMINIZ MÜBARƏK!