2 Sentyabr 11:31
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyası baş tutmuş növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatın mətnində deyilir:

“Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan parlamentarizmi tarixində bütün seçkilərində iştirak edib və hər bir seçkidə uğura nail olub. Seçkidən-seçkiyə öz təcrübəsini daha da artıran Partiya VII çağırış Azərbaycan Respublikasının Mili Məclisinə seçkilərdə də aktivliyi ilə fərqlənib.

VHP-nin seçkilərə qatılan 17 namizədi qatılan Partiyamız demokratik seçki mühiti, təşviqat üçün yaradılmış münbit şərait mühitində rahat və sərbəst təbliğatını aparıb. Namizədlər təkcə MSK tərəfindən onlar üçün ayrılmış qapalı və açıq məkanlarda deyil, hər bir yaşayış məntəqəsində, kəndlərdə, qəsəbələrdə, məhəllələrdə maneəsiz təbliğat-təşviqat işi aparmış, nəticədə böyük uğur qazanıb.

Bu müddət ərzində partiya rəhbərliyi, namizədlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı parlament seçkilərini izləyən uzunmüddətli müşahidə missiyasının, ATƏT Parlament Asambleyasının seçki müşahidə missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşüb, onlarla seçki mühitini müzakirə etmiş və namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırıb.

1 sentyabr tarixində 125 seçki dairəsindən 51-də seçkini canlı izləyən müşahidəçilərimizin rəyləri, həm də partiyanın qərargahından yüzlərlə seçki məntqəsində quraşdırılan kameraların izlənilməsi onu deməyə əsas verir ki, VII çağırış Milli Məclisə seçkilər təhlükəsiz, demokratik və şəffaf keçirilib. İlkin nəticələrə əsasən, Partiyamızın 17 namizədindən 3-ü qalib gələrək seçki marafonunu uğurla başa vurub.

Seçki prosesində namizədlərimizə qarşı digər namizəd və nümayəndələrinin baş verən hansısa təxribat cəhdləri olsa da, müşahidəçilərimiz və səlahiyyətli nümayəndələrimiz tərəfindən seçkini pozmaq cəhdlərinin qarşısı alınıb. Gerçəkdə 1 sentyabr seçkilərində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılıb, onların seçiminə təsir göstərilməyib. Vətəndaş Həmrəyliyi Partiyası seçkinin ilkin nəticələrinə əsasən uğur qazanan bütün namizədləri ürəkdən təbrik edir və onlara fəaliyyətində uğurlar arzulayır”.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Xalq şairi Sabir Rüstəmxanlıdır. Onun həyat yoldaşı və partiyanın üzvü Tənzilə Rüstəmxanlı ilkin nəticələrə əsasən seçkilərdə qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər