2 Noyabr 19:30
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrip hər il dünyada təxminən 3-5 milyon insanın xəstələnməsinə və 500 min insanın həyatını itirməsinə səbəb olur. Bu səbəbdən qripi sadə xəstəlik hesab etmək düz deyil.

Teleqraf.com-un verdiyi məlumata görə, hazırda qripin yayılması ilə bağlı risklər yenidən artmaqdadır.

Mütəxəssislər qripin yayılmasını əngəlləmək üçün şəxsi gigiyena tədbirlərinə riayət etməyi lazım bilirlər.

İnfluenza virusunun səbəb olduğu qrip havaların soyuması ilə yayılmağa başlayır. İnfeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Şirin Elmi qripdən qorunmaq üçün görülməli tədbirləri qeyd edib. Elmi bildirir: “Qripdən qorunmaqda şəxsi gigiyena çox önəmlidir. Xüsusilə uşaqların və hər bir fərdin şəxsi gigiyena haqqında məlumatlandırılması həyat boyu xəstəliklərdən qorunmaq üçün vacibdir.”

Şirin Elmi əlavə edir ki, qrip əsasən yüksək hərarət, baş ağrısı və bədən ağrıları kimi simptomlarla özünü göstərir. “Simptomlar başlamazdan bir gün əvvəl virus artıq yayılmağa başlayır və bu proses 7 gün davam edir. Kiçik uşaqlarda isə yoluxdurma müddəti 10 günə qədər uzana bilər.”

Qripdən qorunmada peyvəndin vacibliyini vurğulayan Elmi hesab edir ki, qrip peyvəndi hər il yenilənir və bədənin immun sistemini gücləndirir. Qrip peyvəndi canlı virus tərkibli deyil deyə qripə səbəb olmur.

Şirin Elmi əllərin müxtəlif xəstəliklərin yayılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb: “Xüsusilə uşaqlar arasında təmas zamanı xəstəliklər yayılır. Əlləri ən azı 1 dəqiqə sabunla yumaq və su olmadıqda spirt tərkibli antiseptiklərdən istifadə etmək qızıl qaydalardandır”.

Qripin müalicəsində dincəlməyin önəmli olduğunu vurğulayan Elminin fikrincə, qrip virus mənşəli olduğu üçün antibiotikdən istifadə faydasızdır. Xəstəlik zamanı bol maye qəbul edilməli və siqaret çəkməkdən imtina olunmalıdır.


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər