Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkənin Davos Dünya İqtisadi Forumunda iştirak etməməsinin səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, mətbuat konfransında Gürcüstanın tədbirə dəvət edilməməsi barədə məlumatı təsdiqləməyib.
Nazirin sözlərinə görə, forumda iştiraka adətən Gürcüstan hökuməti qərar verir.
“Bu il foruma qatılmaq prioritet olmadı. Gürcüstanın cari vəziyyətdən asılı olaraq fərqli prioritetləri var. Biz daimi əsasda investorlarla dialoqu davam etdiririk. Sərmayələrlə bağlı qərarlar haqqında müsbət informasiyalar olacaq”, - L.Davitaşvili söyləyib.
Qeyd edək ki, builki Davos İqtisadi Forumu yanvarın 20-24-də keçiriləcək. Gürcüstanın bu tədbirlə yanaşı, Münhen Təhlükəsizlik Konfransına da dəvət almadığı barədə məlumatlar yayılıb.