Yetkinlik yaşına çatmayan uşaqların televiziyalara çıxarılması ilə bağlı məsələyə Audiovizual Şura münasibət bildirib.
Şuranın kommunikasiya sektorunun müdiri Taleh Quliyev Teleqraf.com-un sorğusuna cavabda bildirib ki, ictimai əxlaqa, ictimai qınağa və gərginliyə səbəb ola biləcək halların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən yayımçılara mütamadi olaraq tövsiyələr verilir.
"Müvafiq cəza tədbirlərinin görülməsinə gəlincə, “Media haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılması) bəndinə uyğun olaraq məhdudiyyət tətbiq edilə bilər:
"Proqramlardan kənar - reklam çarxlarında yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin (reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi) tələbləri pozulduğu halda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan sanksiyaların tətbiq edilməsi mümkündür.
Adıçəkilən qanunlarda qeyd edilən maddələr üzrə normalar pozulmadığı təqdirdə məsələ ilə bağlı hüquqi müstəvidə tədbirlər görülməsi mümkün deyil”,- Taleh Quliyev vurğulayıb.