Ermənistan rəhbərliyi Mehri dəhlizi üçün “Overton pəncərəsi” açır.
Teleqraf.com xəbər verir ki, bunu erməni analitik Ara Vardanyan deyib.
“Azadlıq” radiosunun dərc etdiyi sənədlərin ABŞ Dövlət Departamenti tərəfindən nə vaxt ora ötürüldüyünü söyləmək çox çətindir. Çox güman ki, bu sənədlər Bayden administrasiyası dövründə radioya verilib. Əgər belədirsə, təəccüblənmərəm. Son nəticədə radiostansiya Nikol Paşinyanla birlikdə sənədin dərci ilə bağlı qərar verib. Bunda da məqsəd aydındır: Mehri dəhlizi üçün “Overton pəncərəsi” (müzakirə) açırlar”.
Vardanyan iddia edir ki, Paşinyan Mehri dəhlizinin açılması ilə əlaqədar Bakının tələbini qəbul edib.
Xatırladaq ki, ABŞ-nin “Azadlıq” radiosu ötən həftə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın 25 il əvvəl Azərbaycanla Mehri və Qarabağın dəyişdirilməsi ilə bağlı danışıqlar apardığı iddia olunan material yayımlayıb. Mənbənin iddiasına görə, bu, ABŞ Dövlət Departamentinin məxfilikdən çıxardığı sənəddir.
“Hraparak” bunu təsadüfi hesab etmir, erməni nəşrinin fikrincə, məsələ indi ərazi mübadiləsi kontekstində yox, Mehri və ya Zəngəzur dəhlizinin açılması çərçivəsində ortaya atılıb: “Ermənistan baş naziri Sünikin (Qərbi Zəngəzur – red.) təhvil verilməsi üçün zəmin və addımlar hazırlayır”.
Mənbə xatırladır ki, Paşinyan ötən həftə mətbuat konfransında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Mehri üzərindən maneəsiz keçidə razı olduqlarını bildirib:
“Sadələşdirmə və maneəsiz keçid anlayışları elə dəhliz məntiqini ifadə edir. Yəni yol açıldıqda yüklər və sərnişinlər maneəsiz keçəcəklər, Ermənistanın sərhəd və gömrük yoxlamaları ilə üzləşməyəcəklər”.