Yerüstü Nəqliyyat Agentliyi Respublika ərazisində yolların nişanlanma işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlə bağlı işlərin ehtimal olunan qiyməti 15 milyon 397 min 512,55 manatdır.
Müsabiqədə iştirak haqqı 2309.63 manatdır. Ölkədə yolların nişanlanması ilə bağlı işlərə lövhələrin, dirəklərin, sürət məhdudlaşdırıcı süni maneələrin (tramplin), tənzimləyici nəqliyyat (yol) güzgülərinin alınması, nişanların və dirəklərinin sökülməsi və ya təmiri və s. aiddir.
Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi 27 martdır. Zərflər də həmin gün açılacaq.