Lirə dollar qarşısında ilk dəfə 36 tl-yə qədər ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 12:54-a olan məlumata görə, dollar lirə qarşısında 0,09 faiz bahalaşaraq 35,9912 TL təşkil edib.
Digər tərəfdən, ötən gün dolların ən yüksək məzənnəsi 36.0009 TL ilə, ən aşağı məzənnə isə 35.8845 TL mübadilə olunaraq, türk valyutası günü 35.9592 TL ilə tamamlayıb.
İlin əvvəlindən bu yana dollar lirəyə qarşı 1,88 faiz dəyər qazanıb.
Qeyd edək ki, 2024-cü illə müqayisədə dolların dəyəri 18,17 faiz artaraq 30,4887 lirədən 36,0295 lirəyə yüksəlib. 2025-ci ildə qlobal valyuta bazarında dolların möhkəmlənəcəyi ilə bağlı proqnozları nəzərə alan Türkiyə Mərkəzi Bankı cari ildə monetar siyasətində yumşalmalara qərar verib.
Bu arada “Deutsche Bank” 2025-ci ilin sonuna dollar-lirə məzənnəsinin 43 lirəyə çatacağını proqnozlaşdırır. Bankın analitikləri besab edir ki, Türkiyə siyasət faizini aprel ayına qədər 40%-ə endirəcək. İlin sonuna qədər isə bu rəqəmin 30%-dən 32,5%-ə qədər artırılması gözlənilir.
Bank 2026-cı ilin sonu üçün dollar-lirə məzənnəsinin 49 lirə səviyyəsində olacağını təxmin edir.
Onu da bildirək ki, hazırda Türkiyə bazarında inflyasiya hökm sürür. Türkiyə Statistika Təşkilatının (TÜİK) son məlumatlarına görə, 2025-ci ilin yanvarında aylıq inflyasiya 5,03 faiz təşkil edib ki, bu da gözləntiləri üstələyib. Bununla belə, illik inflyasiya göstəricisi azalmağa davam edərək 42,12 faizə enib. Əsas qiymət artımları səhiyyə, mal və xidmətlər, təhsil və mənzil sektorlarında müşahidə olunub. Xüsusilə, səhiyyə sahəsində qiymətlərdə 23,6 faizlik artım qeydə alınıb.