Avropa İttifaqının (Aİ) Ermənistandakı “missiyası"nın mandatının daha iki il - 2027-ci ilin fevralın 19-dək uzadılması barədə verilən qərar heç bir məntiqə uyğun deyil. 2022-ci ilin oktyabrın 6-da Praqada Aİ-nin Ermənistan ərazisində iki aylıq müddətində monitorinq aparması ilə bağlı qərar verilmişdi. Azərbaycan da bu müddətə etiraz etməmişdi. Amma daha sonra həmin “missiya"nın vaxtı uzadıldı və tərkibi də dəyişdirilərək, genişləndirildi.
Bu sözləri mövzu ilə bağlı Teleqraf.com-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
“Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycanla sülhün əldə edilməsində maraqlı deyil. Ermənistanı əlində alət edən dövlətlər öz mənafeləri naminə Cənubi Qafqazda gərginlik yaratmağa çalışırlar. Fransa başda olmaqla digərləri bölgədə qeyri-normal vəziyyətin yaranmasını arzulayır”, - deyə o qeyd edib.
Z.Əsgərov söyləyib ki, bu vəziyyət Ermənistan üçün arzuolunmazdır: “Əgər bu ölkə blokada vəziyyətindən çıxmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülh əlini uzadan tərəfdir. Sülhlə bağlı Ermənistana 5 fundamental prinsipi özündə birləşdirən təkliflər də məhz Bakıdan edilib. Amma hər zaman olduğu kimi, rəsmi İrəvan növbəti dəfə də sülh prosesini manipuliyasiya edir”.
O, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan rəhbərliyinin son açıqlamalarına da münasibət bildirib: “Erməni tərəfi reallıqla barışmaq məcburiyyətindədir. Azərbaycan elə bir reallıq yaradıb ki, Ermənistan əvvəl-axır bunu qəbul etməlidir. Görünən odur ki, erməni tərəfi Zəngəzur dəhlizi ilə bağlı dirəniş göstərməyin mənasız olduğunu dərk edir”.
Xatırladaq ki, Avropa İttifaqı Şurasında yanvarın 30-da Ermənistandakı “missiya"nın 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə edilib. "Missiya"nın bu dövr üçün fəaliyyətinə 44 milyon avrodan çox vəsait ayrılıb.