13:48
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə Rusiya hərbi dəniz qüvvələrinin fəxri sayılan Qara dəniz donanması Ukraynadakı müharibədə fəlakətli itkilər verərək, döyüş gəmilərinin 30 faizdən çoxunu itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ ordusunun keçmiş zabiti, hərbi analitik Brent İstvud bildirib.

Onun sözlərinə görə, donanmanın məhv edilməsi “Moskva” kreyserinin batması ilə başlayıb. Ardınca PUA hücumları və Ukraynanın dəqiq gəmi əleyhinə raketləri Rusiyanın hərbi dəniz qüvvələrinə öldürücü zərbə vurub.

İstvud qeyd edib ki, müharibədən sonra Rusiyanın dəniz strategiyası iflasa uğrayıb:

“Krım müharibəsindən bəri Rusiya Qara dənizi imperiyaya məxsus “Rus gölü” hesab edirdi. Bura Ukraynadakı müharibə zamanı Rusiya donanması üçün öz üstünlüyünü göstərmək baxımından strateji su hövzəsi idi.

Müharibənin əvvəlində rus donanması üstün mövqedəydi. Hətta buradan amfibiya əməliyyatı ilə Odessanı tuta biləcəyi ilə bağlı fikirlər səsləndirilmişdi. Amma bu proqnozlar özünü doğrultmadı, reallığın fərqli olduğu üzə çıxdı.

Putinin hərbi-dəniz bölməsi üçün biabırçılıq donanmanın fəxri və flaqmanı olan müasir raket kreyseri “Moskva”nın itirilməsi ilə başladı. 2022-ci ilin aprelində ukraynalılar onu “Neptun” gəmi əleyhinə raketləri ilə batıraraq, böyük asimmetrik və informasiya qələbəsi qazandılar. O vaxtdan bəri vəziyyət daha da pisləşib: ruslar Qara Dəniz Donanmasının çoxsaylı gəmilərini, o cümlədən 36 döyüş bölməsindən 15-ni itiriblər”.

Amerikalı analitik vurğulayıb ki, vaxtilə Ukraynanı qanadlı raketlərlə bombardman edən donanma indi gizlənməyə çalışır: “Bu, rus admiralları üçün sürpriz oldu. Güclü hərbi donanması olmayan Ukrayna rusları dəniz üzərində təşəbbüs və nəzarətdən məhrum edə bildi”.

İstvud xatırladıb ki, müharibədən əvvəl Qara dənizdə Rusiyanın 74 hərbi gəmisi var idisə, indi bunların 30 faizdən çoxunu itirib:

“Britaniya Müdafiə Nazirliyi 2024-cü ilin yazında Qara Dəniz Donanmasının funksional olaraq qeyri-aktiv olduğunu açıqlayıb. Bu, o deməkdir ki, Rusiya donanması Ukrayna şəhərlərini bombalamaq və ölkənin cənubuna əlavə qüvvələr çatdırmaq iqtidarında deyil. Həmçinin Ukrayna Rusiya blokadasına faktiki son qoyaraq dəniz ticarətini tam bərpa edə bilib”.

Analitikin fikrincə, Putin və generalları Ukraynanın Qara dənizdəki donanmanı sıradan çıxaracağını düşünməyiblər: “Qara Dəniz Donanması asimmetrik şəkildə məğlub oldu, artıq müharibədə həlledici amil deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər