Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı yeni fotolar təqdim edib.
Teleqraf.com xəbər verir ki, professorun özünün yazdığına görə, bu fotoları ona Tarix Muzeyində “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası” mövzusunda kütləvi mühazirəyə gələn dinləyici Həsən Məmmədov təqdim edib.
"Etiraf edim ki, göndərilən şəkillərin bir neçəsi, eləcə də məlum bir fotonun açıqlaması mənim özümdə təəccüb də yox, əsl şok yaratdı. Onları ilk dəfə idi görürdüm. Təbii ki, dərhal Həsən bəylə telefon əlaqəsi saxladım, onun M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu olduğunu öyrəndim, göndərdiyi bəzi şəkillərin nə üçün internet müstəvisində olmadığını soruşdum. Həsən bəy anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruduğunu, sonra Bakıya gətirdiyini, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxladığını bildirdi. Bu şəkilləri, xüsusilə Məhəmməd Əmin bəyin 4 balasının qəmli, tutqun, gərginlik və nigarançılıq dolu baxışlarını sakitcə seyr etmək mümkün deyil..." - deyə Solmaz Rüstəmova qeyd edib.
Şəkilləri və onların altındakı qeydləri Solmaz Rüstəmova-Tohidiyə istinadən təqdim edirik.
Məhəmməd Əmin Rəsulzadənin övladları - böyük qızı Lətifə (1910-cu il), qucağında Rəsulzadənin kiçik oğlu Azər (1920), oğlu Rəsul (1914), qızı Xalidə (1916)
Məhəmməd Əmin bəyin ailəsi. Ayaq üstə: Məşədi Damad Əliheydər oğlu Müslümzadə - Lətifənin həyat yoldaşı (1940-cı ildə həbs olunub, 1943-də güllələnib);
Oturanlar: Məhəmməd Əmin bəyin xanımı Ümbülbanu, böyük qızı Lətifə, kiçik qızı Xalidə (Qazaxıstana sürgün olunublar, Ümbülbanu, Lətifə və kiçik qızı sürgündə soyuqdan və acından həyatlarını itiriblər, Xalidə gizlicə Bakıya qayıdıb, az sonra burada itkin düşüb);
Ayaq üstə: Məhəmməd Əmin bəyin oğulları Rəsul (1938-ci ildə həbs edilib və güllələnib) və Azər (ailəsi ilə sürgün olunub, ömrü boyu Qazastanda yaşayıb).
Məhəmməd Əmin bəyin kürəkəni Damad Müslümzadə, böyük oğlu Rəsul (sağda) və kiçik oğlu (Azər).
Lətifə xanımın böyük qızı Firuzə sürgündən Bakıya qayıtdıqdan sonra...
Məhəmməd Əmin bəyin kiçik oğlu Azər Rəsulzadə (1960-cı il).
Məhəmməd Əmin bəyin yadigarları: (sağdan) Rais bəy Rəsulzadə (nəvəsi); Rəna xanım Əliyeva (Firuzə xanımın qızı); Vahid bəy Mustafayevin sağında İradə xanım (Firuzə xanımın oğlu Həsən Məmmədovun xanımı); İradə xanımın arxasında Həsən Məmmədov, onun solunda oğlu Əli, sağında qızı Lətifə və oğlu Azər.