12:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizov kollektivə təqdim olunub.

Teleqraf.com xəbər verir ki, yeni rektoru təhsil müəssisəsinin kollektivinə elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

Nazir yeni rektorun elmi, pedaqoji fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, bundan əvvəl Rüfət Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru olduğu qısa müddət ərzində həmin universitetin əldə etdiyi uğurlardan bəhs edərək onun ADNSU-ya rəhbərliyi dövründə istər tədris, istərsə də elm sahəsində ciddi nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib.

ADNSU-nun yetişdirdiyi mühəndis kadrlardan, eyni zamanda elmi tədqiqat və beynəlxalq reytinqlərdə qazandığı uğurlardan söz açan nazir Emin Əmrullayev yeni rektoru və universitetin kollektivini təbrik edərək ona uğurlar arzu edib.

Rektor Rüfət Əzizov ilk növbədə Prezident İlham Əliyevin ona göstərdiyi böyük ehtimada görə dövlət başıçısına təşəkkürünü bildirib. O, Elm və Təhsil Nazirliyinin dəstəyi və ADNSU-nun professor-müəllim heyətinin səyi ilə universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışaraq, dövlət başçısının etimadını doğruldacağını vurğulayıb. Rektor ADNSU-nun milli tədqiqat universiteti statusuna yüksəlməsi və dünyanın sayılıb-seçilən ali məktəblərindən biri olması üçün böyük potensiala malik olduğunu vurğulayıb.

Rüfət Əzizovun ADNSU-ya rektor təyinatınadək təhsil müəssisəsinin rektoru səlahiyyətlərini icra edən, hazırda isə fəaliyyətini strateji məsələlər üzrə prorektor qismində davam etdirən dosent Vazeh Əskərov ötən müddət ərzində görülmüş işlərə görə kollektivə təşəkkürünü bildirib. O, Rüfət Əzizovun rəhbərliyi ilə ADNSU-nun qarşıda növbəti uğurlara imza atacağını qeyd edib.

Emin Əmrullayev ADNSU-nu böyük potensiala malik ali məktəb kimi səciyyələndirərək, universitetin bundan sonra də tədris və elm sahəsində respublikanın aparıcı ali məktəblərindən biri kimi inkişaf edəcəyinə əminliyini vurğulayıb.

***

11:00

Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin yeni rektoru Rüfət Əzizov kollektivə təqdim olunur.

Bu barədə Teleqraf.com-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, hazırda yeni rektor kollektivə təqdim olunur.

Qeyd edək ki, Rüfət Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər