Ləğv edilmiş separatçı rejimin keçmiş "Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.
Erməni nəşri bildirir ki, Babayanla Baş nazir Nikol Paşinyan arasında kölgə əməkdaşlığının yenidən vüsət alması ilə bağlı söz-söhbət var:
“Məlumata görə, Babayana tikinti tenderləri üçün müəyyən kvota verilib. O, bəzi iş adamlarına harada müsabiqələr olduğunu, onun dəstəyi ilə necə qalib gəlməyin mümkün olduğunu onlara deyir.
Babayan bunu pul qazanmaq üçün yox, ətrafındakı tərəfdar dairəsini mümkün qədər genişləndirmək üçün edir. Bu, Babayana qarşıdan gələn seçkilər öncəsi böyük müxalifət elektoratı qazandıracaq. O, qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətindədir”.
Qeyd edək ki, növbədənkənar seçkilər olmasa, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyulunda keçiriləcək.
Xatırladaq ki, işğal dövründə Qarabağda separatizm və digər cinayət fəaliyyətlərində aktiv iştirak etmiş Samvel Babayan 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun birgünlük antiterror tədbirləri zamanı Ermənistana qaçmışdı.