Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra media orqanlarında Azərbaycanda ətin ucuzlaşdığı, xüsusilə Bakıətrafı qəsəbələrdə dana ətinin bir kiloqramının 12 manata təklif olunduğuna dair məlumatlar yer almaqdadır. Xəbəri dəqiqləşdirmək üçün 7-ci mikrorayon ərazisindəki ət bazarına üz tutduq.
Satıcıların qiymət dəyişikliyi ilə bağlı suallarımıza cavabı iddia edilənlərin tam əksi oldu. Onlar yerli ətin qiymətində hər hansı ucuzlaşma baş vermədiyini bildirdilər. Məlum oldu ki, dana ətinin kiloqramı 15 manat 50 qəpik, qoyun əti isə 21manatdan satılır.
Satıcıların sözlərinə görə, yerli məhsullar keyfiyyət baxımından yüksək olduğu üçün qiyməti dəyişməyib. Qiymət azalması xaricdən gətirilən ətin qiymətində baş verib. Dana əti 12 manat, quzu əti isə 17-18 manata düşüb. Yeri gəlmişkən, ət satıcıları onu da xüsusi vurğuladılar ki, idxal olunan ət həmişə yerli məhsuldan ucuz olub.
Qeyd edək ki, Azərbaycan ətə olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına təmin edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət idxal edilib. Ət idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 milyon 433 min dollar və ya 48,9% artıb, miqdar ifadəsində isə 15 min 50 ton, başqa sözlə, 39,3% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 78 milyon 555 min dollar dəyərində 38 min 287 ton ət idxal edilmişdi.
Qeyd edək ki, Azərbaycana ötən il xaricdən alınan ətin idxal dəyəri 3 manat 72 qəpik olub.