Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində (İB) "Qlobal Monitorinq Sistemi" və "585" - Daşınan şəhər telefon xidməti ilə bağlı təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən mərasimdə İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov yeniliklər və perspektiv planlar haqda məlumat verib.
Qeyd edilib ki, çevik müdaxilə monitorinq kompleksi olan "Qlobal Monitorinq Sistemi" çağrı mərkəzi və qeydiyyat sistemi; məlumat və telemarketinq stolu; şəbəkənin monitorinqi; 3 pilləli texniki dəstək; analiz stolu; yerli texniki dəstək kimi alt sistemlərdən ibarətdir.
Qəbul olunmuş məlumatlar xidmətin növlərinə görə çeşidlənir və TKQ-nin və "Aztelekom" İB-nin müvafiq şöbələrinin işçi kompüterlərində işçi stolun üzərinə çıxarılır və sms-lə mobil telefonuna göndərilir.
Sistemin özəlliklərindən biri də elektron müştəri kartotekasının yaradılmasıdır.
Avtomatik olaraq bütün məlumatlar elektron kartotekaya ötürülür. Sistem yalnız "Aztelekom" İB-nin müştərilərinə deyil, eyni zamanda özəl provayderlərin də müştərilərinə xidmət edir.
Bu gün özəl provayderlərin müştərilərinin 35%-i sistemə qoşulub. "585" - Daşınan şəhər telefon xidmətinə gəlincə, bu yenilik paytaxtın telefon şəbəkəsinin nömrələnmə sisteminə daxil olan boş prefikslərdən istifadə etməklə, Bakı nömrələrinin rayonlara daşınması və abunəçilərə paylanılmasına xidmət edir.
Təqdimatda yer alan təkliflərə görə, Bakı nömrələrinin rayon TKQ-lərin ərazilərinə İP protokolu vasitəsilə daşınmasını təşkil etmək məqsədilə 10000 tutumlu yeni stansiyanın tikintisi məqsədəuyğun hesab edilir ki, bu stansiyanın da NGN/İMS texnologiyası əsasında qurulması nəzərdə tutulur.
İLHAMƏ