17 Mart 2015 14:14
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yolçu Xanvəli: "Qanunsuz ət satışı məhdudlaşdırılacaq"

"Bakıda tikilən ət kombinatları istifadəyə veriləndən sonra diri heyvanların şəhərə girişi qadağan olunacaq". Bunu Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.

Baş baytarın sözlərinə görə, hazırda Bakı şəhərinin girişində iki yerdə ət kombinatlarının tikintisi aparılır:

"İribuynuzlu heyvanların kəsilməsi üçün nəzərdə tutulan ət kombinatlarının tikintisi davam etdirilir. Yaxın zamanlarda onlar istifadəyə veriləcək. Həmin ət kombinatlarında bir gündə 5 min baş iribuynuzlu heyvanın kəsilməsi mümkün olacaq. Ət kombinatları istifadəyə veriləndən sonra Bakı şəhəri ətlə tam təmin olunacaq, beləliklə də tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq".

"Qadağa ilə qayda yaratmaq düzgün deyil"

7-ci mikrorayon ərazisindəki sallaqxananın satıcısı Rəşad Əliyev Baytarlıq İdarəsi rəsmisinin açıqlamasından narahatdır. Müsahibimiz deyir ki, kəsim üçün heyvanı paytaxta diri gətirsələr də, burada bütün sanitar-gigiyenik qaydalara əməl etdikləri üçün sallaqxananın bağlanmasına ehtiyac yoxdur: "Gördüyünüz kimi, nə ətrafı tullantı ilə zibilləyirik, nə də içəridə səliqəsizlik var. Yəni hansısa qadağa ilə qayda yaratmaq düzgün deyil. Əgər qəssab insaflıdırsa, ətrafın da qayğısına qalacaq, əhaliyə satdığı ətin də təmiz olmasına çalışacaq".

Bununla belə, qəssab ümidlidir ki, yeni yaradılan ət kəsimi mərkəzlərində aparatlar işləsə də, qəssabların köməyi lazım olacaq: "Hər halda həmin mərkəzlərdə ayrı sənət sahibləri işləməyəcək. Ona görə də ümidimiz var ki, kiçik sallaqxanalar bağlandığında işsiz qalmayacağıq".

"Ətin keyfiyyətinə zəmanət də azalacaq"

Azərbaycanda yaradılacaq ət kombinatları nəticəsində baş verəcək dəyişikliklərə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, bu, istehlakçının seçim imkanını məhdudlaşdıracaq: "Hər bir insan istəyər ki, gözünün qarşısında kəsilən heyvanın ətindən alıb yesin.

Məsələn, istehlakçı olaraq məni ətini aldığım heyvanın yaşı, çəkisi, hansı hissəsindən almaq lazım olduğu da maraqlandırır. Ət kombinatına verildikdən sonra mən bunları bilməkdən məhrum olacam. Ətin kombinatlarda kəsilərək mağazalara paylanması nəticəsində istehlakçının seçim hüququ məhdudlaşacaq. İnsanlar məcburiyyət qarşısında qalıb ona təklif edilən əti alacaqlar".

Mütəxəssisin fikrincə, kombinatların satdığı ətin keyfiyyətinə etibar da azalacaq: "Hətta bir neçə il əvvəl çox ciddi nəzarət həyata keçirilən Avropa ölkələrində at ətinin satışda olduğuna dair informasiyalar yayıldı və öz təsdiqini də tapdı. Ət kombinatları yaranandan sonra kim təminat verəcək ki, orda kəsilən heyvanlar camış, at, ulaq əti deyil? Belə halların baş verməməsi üçün qəssablara şərait yaradılmalıdır. Kəsim üçün müəyyən olunan yer qapalı olsa da, şəffaflıq təmin edilməlidir”.

Ekspert qəssabxanaların ləğv edilməsinin əhali arasında narazılığa səbəb olacağını da istisna etməyib: “Bu kombinatların yaradılması ilə hər bir yaşayış evinə yaxın yerləşən qəssabxanalar ləğv ediləcək və ət satışı mağazalarda aparılacaq”.

Heyvanların şəhərə gətirilməsinin qarşısı alınacaq

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə narahatlığa əsas görmür, reallaşdırılacaq layihənin əhalinin təhlükəsiz qidalanmasına yönəldiyini deyir: “Bu paytaxtda sanitar-gigiyenik tələblərin qorunması, sağlam ətlə qidalanmaya nəzarət olunması məqsədilə edilir.

Layihə reallaşdıqdan sonra ət və ət məhsulları istehlakı üçün heyvanların şəhərə diri gətirilməsinin qarşısı alınacaq. Bu, geniş bir layihədir, artıq hazırlıq işləri gedir.

Layihəyə görə, paytaxtın müxtəlif istiqamətlərində müasir texnoloji avadanlıqlarla təchiz olunmuş xüsusi ət kəsimi kombinatları tikiləcək. Burada diri heyvanların tam baytarlıq müayinəsindən keçiriləcək və bundan sonra kəsilərək hazır ət formasında paytaxtın satış mərkəzlərinə göndəriləcək".

Müsahibimiz tikiləcək mərkəzlərin şəhərin üç istiqamətdən girişində nəzərdə tutulduğunu deyir. Həmin ərazilər isə Şamaxı yolu, Quba-Xaçmaz yolu və paytaxtın cənub istiqamətindən girişidir.

“Qəssablar yeni məntəqələrdə işlə təmin olunacaq”

Yolçu Xanvəlinin sözlərinə görə, bu mərkəzlərin açılması qanunsuz ət satışı ilə məşğul olanların fəaliyyətini məhdudlaşdıracaq: “Hazırda cərimələr az olduğu üçün qanunsuz ət kəsimi ilə məşğul olanlar çoxdur və onlar mənşəyi məlum olmayan məhsulu satmağa cəhd göstərirlər. Küçədə kəsilən ətin nə dərəcədə gigiyenik tələblərə cavab verdiyinə heç kəs zəmanət verə bilməz.

Amma heyvanlar xüsusi kəsim məntəqələrində hələ sağ ikən müayinə olunarsa, şəhərdə həmin məhsulu insanlar daha etibarlı, daha inamla ala bilərlər. Hər halda insanlar laborator müayinədən keçən əti qoyub, küçədə naməlum istiqamətdə kəsilən əti almaz".

Layihə reallaşdırıldıqdan sonra sanitar-gigiyenik tələblərə cavab verməyən bütün sallaqxanalar bağlanacaq.

Naibə Qurbanova


Müəllif: