Bakı Ali Neft Məktəbində Həmkarlar İttifaqı təşkilatının təsis konfransı keçirilib.
Teleqraf.com-un məlumatına görə, konfransda Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Konfransı açan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə Həmkarlar İttifaqı təşkilatının yaranmasının əhəmiyyətindən və zərurətindən danışıb. O , bütün fəaliyyət sahələri üzrə həmkarlar ittifaqlarının yaradılmasının vacibliyini qeyd edərək, bildirib ki, qədim neft diyarı olan Azərbaycanda ilk həmkarlar təşkilatının yaranması da məhz neft sənayesi ilə bağlı olub. Rektor neft-qaz sənayəsində çalışanların əməyinin ağır olduğunu diqqətə çatdıraraq, hələ 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən Azərbaycanda neftçilərinin hüquqlarının müdafiəsi üçün ilk Həmkarlar İttifaqının təsis edildiyini bildirib. E.Qasımov həmkarlar ittifaqlarının istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, təqaüdçülərin və təhsil alan şəxslərin əmək, sosial hüquqlarını və mənafelərini müdafiə edən, müstəqil ictimai və qeyri-siyasi təşkilat olduğunu qeyd edərək, BANM-də əməkdaşların və tələbələrin nümayəndələrindən ibarət olan vahid Həmkarlar İttifaqı Komitəsinin yaradılmasının onların yuxarıda qeyd edilən istiqamətlərdə fəaliyyətinin əməkdaşların və tələbələrin ictimai-sosial və mədəni həyatına yeni məzmun gətirəcəyini bildirdi. O, BANM-in professor-müəllim heyətini və tələbələri Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə hərtərəfli dəstək verməyə çağırıb və bu əlamətdar hadisə münasibəti ilə onları təbrik edib.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və istiqamətləri barədə məlumat verib. Neft-qaz sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinin SOCAR-ın səmərəli fəaliyyəti üçün vacib olduğunu vurğulayaraq, hələ 1904-cü ildə Bakı fəhlələri və neft sahibkarları arasında imzalanmış “Mazut müqaviləsi” ilə başlanmış hərəkatın 1906-cı ildə ilk Həmkarlar İttifaqının yaranması ilə nəticələndiyini xatırladıb. O, həmçinin belə nüfuzlu Ali Məktəbdə Həmkarlar İttifaqı Komitəsinin yaranmasını alqışladığını bildirib və qurumun fəaliyyətində uğurlar arzulayıb.
Sonda BANM-in yeni yaradılan Həmkarlar İttifaqı təşkilatının təsis konfransının nümayəndələri səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin üzvlərini seçiblər. Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Naibə QURBANOVA