14 Aprel 2015 16:59
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Brüsseldə “Avropa və İslam aləmi: birləşdirən dəyərlərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, İslam Konfransı Gənclər Forumu ilə BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı və Böyük Britaniyanın LINKS təşkilatı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən konfransın işində Avropa Parlamentinin deputatları, BMT, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatının təmsilçiləri, Brüsseldə akkreditə olunmuş diplomatik korpus, eləcə də müxtəlif “beyin mərkəzləri” və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Konfransın açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser konfransın qitədə islamofobiyanın yeni dalğasına qarşı uğurlu addım olacağına inamını ifadə edib. O, eyni zamanda konfransın 2016-cı ildə Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıq müzakirələrinin vacib elementi olduğunu bildirərək, Azərbaycanın bu mühüm tədbirə ev sahibliyi etməsinin Qərblə İslam dünyası arasında səmimi dialoqun yaradılması istiqamətində səylərinin bariz nümunəsi olduğunu vurğulayıb.

İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov isə konfransın əsas məqsədinin Avropa strukturları ilə İƏT strukturları arasında dialoqun canlanmasına, Avropada təhlükəli həddə çatmış islamofobiya və gənc müsəlmanlar arasında radikallığın artması kimi tendensiyalara qarşı birgə mübarizə yollarının araşdırılmasına yönəldiyini qeyd edib. Radikalizm və islamofobiyaya qarşı mübarizədə kompleks yanaşmanın vacibliyini qeyd edən E. İsgəndərov bəzi Qərb qurumlarının İƏT ölkələrinə qarşı ikili standartlarını islamofobiyanın artmasına xidmət edən amil kimi dəyərləndirib.

İƏT-in baş katibi İyad Əl-Mədəninin konfrans iştirakçılarına təbrik müraciətini səsləndirən İƏT-nin Avropa İttifaqı nəzdində daimi nümayəndəsi A.Məmmədov təmsil etdiyi qurumun İKGF-nin təşəbbüsünə yüksək qiymət verdiyini, konfransın nəticələrindən irəli gələn konkret fəaliyyətləri dəstəkləyəcəyini qeyd edib.

Konfrans iştirakçılarına müraciət edən Avropa Komissiyasının nümayəndəsi Canos Kendernau və digər natiqlər Avropa qitəsində narahatlıq doğuran islamofobiya meyllərinin aradan qaldırılması məqsədilə konkret təkliflərlə çıxış ediblər.

İki ayrı panel ətrafında işini davam etdirəcək konfransda islamofobiya ilə yanaşı antisemitizm, ksenofobiya kimi inanc qaynaqlı ictimai problemlərin təhlili, bu problemlərin Avropada insan haqları, inanc azadlığı və demokratiyanın perspektivlərinə neqativ təsiri; sözügedən tendensiyalara qarşı siyasi, ictimai və KİV səviyyəsində mübarizə aparılması kimi mövzuların müzakirəsi gözlənilir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər