15 Aprel 2015 17:01
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranması günü münasibəti ilə tibb müəssisəsində tədbir keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan ətraflı danışan nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayıb.

"Bu gün fəxrlə demək lazımdır ki, ulu öndər Heydər Əliyevin vaxtı ilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi "Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır", sözləri artıq reallığa çevrilib", - deyə general-mayor N.Əliyev bildirib. Qeyd olunub ki, hərbi qulluqçuların istifadəsinə verilən hərbi tibb müəssisəsi o dövr üçün postsovet məkanında analoqu olmayan idi. Əlamətdar haldır ki, 2006-cı ildə Ali Baş Komandan İlham Əliyev altımərtəbəli müasir cərrahiyyə korpusunun açılışda iştirak edib. Ümumi sahəsi 30 min kvadratmetr olan 560 çarpayılıq, müasir avadanlıq ilə təchiz olunan 27 müalicə-diaqnostika bölməsindən ibarət ikinci müalicə koprusu da 2013-cü il iyunun 25-də Ali Baş Komandan İlham Əliyevin xeyir-duası ilə hərbi qulluqçuların istifadəsinə verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov daim Silahlı Qüvvələrin Baş Klinik Hospitalının inkişafına qayğı göstərir.

Sonra hospitalın təcrübəli tibb xidməti zabitləri Vaqif İbrahimov, Eldar Əliyev, Asif Qurbanov, Firudin Qarabəyov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə hospitalın şəxsi heyətini təbrik ediblər.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsi və Baş Klinik Hospitalın rəislərinin əmrləri ilə bir qrup zabitə təşəkkür elan edilib, fəxri fərmanlar təqdim olunub. Bir neçə tibb bacısına isə "çavuş" hərbi rütbəsi verilib.

Sonda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranma tarixindən və inkişaf yolundan bəhs edən film nümayiş etdirilib.

BƏXTİYAR


Müəllif: