Pakistanın “Centreline” jurnalında və “Diplomatic News Agency” İnformasiya Agentliyində “İlk Avropa Oyunları Bakıda keçiriləcək” sərlövhəli məqalə dərc edilib.
İngilis dilində dərc olunan məqalələrdə 2015-ci il iyunun 12-28-də Azərbaycanın paytaxtı Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyi bildirilir. Diqqətə çatdırılır ki, bu haqda qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) iclasında keçirilən gizli səsvermə zamanı qəbul edilib.
Məqalələrdə Azərbaycan hökumətinin Oyunlara ciddi hazırlaşdığı bildirilir, Prezident İlham Əliyevin bu mühüm idman tədbirini “tarixi hadisə” adlandırdığı qeyd edilir.
Bildirilir ki, Oyunlara hazırlıqla bağlı 2013-cü il yanvarın 17-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Mehriban Əliyevanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğunun vurğulandığı yazılarda Azərbaycanın birinci xanımının 2012-ci ildə Bakıda “Eurovision” mahnı müsabiqəsinin hazırlıq işlərinə rəhbərlik edərək bu tədbirin böyük uğurla təşkilini təmin etdiyi diqqətə çatdırılıb. Təşkilat Komitəsinə nazirlər, dövlət məmurları, Olimpiya çempionları daxildir. Hazırlıq işlərinə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının təşkilində iştirak edən ekspertlər cəlb olunub.
Yazılarda, həmçinin ilk Avropa Oyunlarına hazırlıq işləri, tikilmiş idman obyektləri haqqında məlumat verilir. Vurğulanır ki, 69 min nəfər tutumu olan Bakı Olimpiya Stadionunda möhtəşəm açılış və bağlanış mərasimləri keçiriləcək. Ümumiyyətlə, ilk Avropa Oyunlarında 50 ölkədən 6 min atlet mübarizə aparacaq. İdmançıların və jurnalistlərin rahatlığı, onların sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Oyunların proqramına salınan idmanın 20 növündən 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya növləridir. İdmanın bəzi növləri üzrə Oyunlarda medal qazanan atletlər Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Məqalələrdə ilk Avropa Oyunlarının idmanın təbliği, ölkəmizin tanınması baxımından böyük önəm kəsb etdiyi bildirilir. Qeyd edilir ki, ilk Avropa Oyunlarından sonra - 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, “Avro-2020” çempionatının final mərhələsinin dörd qarşılaşması keçiriləcək.