Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) struktur bölmələrinin əməkdaşlarından ibarət komandalar arasında keçirilən mini-futbol və mini-şahmat turnirinə yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensial formalaşdırdığını vurğulayıb. Ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətində misilsiz xidmətlərindən bəhs edən nazir dahi şəxsiyyət Heydər Əliyevin əhalinin rifah halının yüksəldilməsinə xüsusi diqqət və qayğısından söz açıb, bunun bir nümunəsi kimi, 1995-2003-cü illər ərzində ölkədə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə artdığını qeyd edib. “Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanmasına səbəb olub. Ölkəmizin sürətli inkişafı eyni zamanda sosial sahədə uğurlu addımların atılması ilə müşahidə olunur. Möhtərəm dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar əhalinin, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsində mühüm irəliləyişlərə şərait yaradıb. Son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Təkcə ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib”.
Səlim Müslümov bu gün Azərbaycanın sabitlik və inkişaf məkanı, müasir və tolerant ölkə olmaqla yanaşı, dünyada bir idman ölkəsi kimi də tanındığını qeyd edib: “Birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin daim artan beynəlxalq nüfuzunun növbəti göstəricisidir. Gələn ay ölkəmizdə yüksək səviyyədə keçiriləcək ilk Avropa Olimpiya Oyunları Azərbaycanın bütün sahələrdə nə qədər sürətli inkişafa nail olduğunu dünyaya nümayiş etdirəcək”.
Nazir ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibəti ilə belə bir turnirin təşkil olunmasının idmanın gənclər arasında kütləviləşməsinə, sağlam həyat tərzinin təbliğinə xidmət etdiyini bildirib.
Tədbir idman yarışlarının qalibləri olan komandalara kubokun təqdim edilməsi ilə yekunlaşıb.
Naibə QURBANOVA