(Orxanın vaxtsız ölümünə)
Qəşəm Nəcəfzadə
Böyük şair Əli Kərimin kiçik oğlu Orxan 48 yaşında dünyasını dəyişdi. Atası 38 yaşında dünyaya əlvida demişdi. Atasından 10 il çox yaşadı Orxan. Əli Kərim uşaqlarını həyat yoldaşı Elzaya tapşırmışdı. Bəs görəsən, Elza xanım Əli Kərimin yadigarını niyə qoruya bilmədi? Elza xanım danışırdı ki, Əli xəstələnmişdi, həkimlər onu bir gecə palatada yatmağı tövsiyə etdilər. Amma Əli qalmaq istəmirdi, deyirdi, uşaqlar gecə yatanda üstlərini açacaqlar, onlara soyuq dəyəcək. Əli həmin gecə palatada dünyasını dəyişdi. Bəs görəsən, Elza xanım Orxanın üstünü hansı tərəfdən örtməmişdi, soyuq ona hansı tərəfdən dəymişdi?
Əli Kərim yazırdı:
Nə bu dərd gərəkdir uşaqlar üçün,
Nə də aramızda bu narazılıq.
Biz dərdin, kədərin özündən belə,
Onlara səadət yaratmalıyıq.
Əli Kərim dərdin, kədərin özündən belə onlara səadət yaradırdı. Görəsən, bizim cəmiyyətin hansı boşluğu Orxanı qəfil uddu? Həmin soyuq gələn tərəfi Elza xanım niyə örtə bilməmişdi, görəsən? Əli Kərim uşaqların üstünü örtməyi ona öyrətmişdi axı. Uşaqlarını siqaret tüstüsündən qoruyurdu Əli Kəriim.
Tüstü sözlərlə bir çıxır
sinəmdən
Tüstülü sözlər,
«Dumanlı» sözlər.
Söz - uşağımın səadəti,
Tüstü - düşməni.
İkisi də can bir qəlbdə.
Əli Kərim 50-ci illərdə Ali məktəbə daxil olur. Şəhərə tələbə kimi qeydiyyata düşmək istəyəndə baxır ki, pasportu üstündə yoxdur. Yeni pasport götürmək üçün qayıdır Göyçaya, çox əziyyət çəkir və yeni pasport götürür. Bir aydan sonra o köhnə paspotunu tələbə yoldaşının ayaqqabısının içində əzilmiş, cırılmış halda görür. Bir ay pasportu ayaqqabısının içində gizlədən o nanəcibin nəsli bu gün də bizimlə yanaşı böyüyür. Bəlkə də Orxanın ölümündə həmin o pasport oğurlayanın əli var. Elza xanım bu əlin istiqamətini yadından çıxarmışdı bəlkə. Əli Kərim bir ata kimi oğlanlarını çox sevirdi, onları öz ölümündən də qoruyurdu.
Tabutuma oğlanlarımı
yaxın qoymayın!
Təbəssümlərini qoyarlar ora,
Qoymayın onları həyətdən bir adam
çağıra,
Oyuncaqlarını.
Oyunlarını gətirib
qoyarlar tabutuma.
Birdən-birə qocalarlar.
Mənsə aparıram
sizə lazım olmayan
nəyim var.
Amma qoyub gedirəm
nöqsanlarımı.
Onlar narahat yaşadar
oğlanlarımı.
Deyirlər ki, Əli Kərim çox danışan adam deyilmiş. Hər sözə, hər tənəyə təbəssümlə cavab verirmiş... Amma təbəssüm də təbəssüm olub ha... Görəsən, Əli Kərim sağ olsaydı, Orxanın ölümünü necə qarşılardı? Bəlkə də xatırlayardı ki, ölüm də uşaqlarının kədərli təbəssümüylə bir zaman əylənib və onları heç vaxt gözdən qoymayıb.
Amma ölüm
oğlanlarımın
kədərli
təbəssümüylə
gülümsəyəndə,
Onların hələ dünyanı
tamam yığa bilməmiş
gözləriylə baxanda
onlarla bir oyanıb da
bir oynayanda.
Hər işdə onlardan
geri qalmayanda,
Sadiq köpək kimi girəni,
çıxanı yoxlayıb
qapının yanından
ayrılmayanda
İnandım öləcəyimə...
Demədim heç kimə.
Bəlkə Əli Kərim bu sirri deməliydi. Özü ilə aparmamalıydı. Bəlkə desəydi, onun Orxanı dünyasını belə vaxtsız dəyişməzdi. Əli Kərimin ən çox sevdiyi şair Orxan Vəli idi. Adətən, adam sevdiyi şairi bəzən təkrarlayır. Amma Əli Kərim Orxan Vəlini çox sevsə də, şeirləri tamamilə ondan fərqli idi. Kiçik oğlunun adını da onun şərəfinə qoymuşdu. Orxan. Elza xanım danışırdı ki, Əli Orxana həm də Oxu deyirdi. Orxanı kitabların üstünə qoyurdu ki, oxumaq öyrənsin. Əli Kərim öləndə Orxanın iki yaşı vardı. İndi Əli Kərimin 86 yaşı var.
Əli Kərim yazırdı:
Nə xoşbəxt imişəm,
bir zaman allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
xoşbəxt, nə xoşbəxt,
Bu gün eşitmişəm bunu həsrətdən.
İnsan qəflətən xoşbəxtliyi hiss eləyir. Həyatın namərdliyi elə budur. Elə bil həyat həmişə şirinliyini qəflətən adama göstərir. Orxanın həbsi, onun çəkdiyi əzab-əziyyətlər, həbsxandan çıxanda sevinc, sonra ürək ağrıları, nəticədə ağır ürək əməliiyatı, sonra yenə sevinc, sonra isə amansız xərçəng.
Əli Kərim deyirdi:
Ölüm hərdan gəlib çıxdı,
Bu qoca kaftar,
Bilmir ki, əlimdə
Nə qədər işim var?
Əli Kərim oğluna xitabən yazdığı bir şeirdə sanki Orxan üçün nalə çəkitdi.
Gəl,
adın dodağımı
Yaxıb yandırır,
Qəfil basılmış köz kimi
Gəl, ayrlıq adlı ən pis
xərçəng
Xəstəliyinin həkimi.
Əli Kərim atası haqqında çox gözəl bir şeir yazıb.
Sevgisi də soyuq idi- təzə əkinini,
Hər bəladan hifz eləyn qalın qar kimi.
Əli Kərim torpağı qoruyan o qalın qar kmi uşaqları sevirdi. Uşaqların adları onun bütün şeirlərindən gecə işıqları kimi gəlib keçir.
Deyirəm ki: - Ay Paşa,
Deyirəm ki: - Ay Azər,
Sizin ürəyinizdə
Gecələyir nəğmələr.
Bir azdan oğlum Paşa,
Bir azdan oğlum Azər
Sevindirərək məni
Yatır,
Ürəklərinin başına qoyub təmiz,
balaca əllərini…
Əli Kərimin pasportunu oğurlayan o insan heç vaxt yadımdan çıxmır. Bəlkə də Orxanı da öldürən elə o idi. Əli Kərimin çox maraqlı bir şeiri var. Deyir, qapını içəridən bağlayıb şeir yazıram. Oğlanlarım az qala qapını açmaq üçün sındırsınlar. O biri qapılar açıqdır. Amma yaxsı ki, meyilləri açıq qapıya deyildir. Şeir aşağıdakı misralarla bitir.
Mən açmasam,
hirslənib bir qədər,
Sındırarlar bağlı qapını.
Oğlanlarım Orxan, Paşa, Azər.
Bax, Orxanın ölümünün də bir səbəbini də burda axtarmaq lazımdır. O heç vaxt açıq qapılara, asan yollara üz tutmadı. O, ancaq böyük şair Əli Kərimin oğlu kimi qapıları özü açmağa çalışdı. Açılan bu qapının arxasındakı atası deyildi, atasının pasportunu oğurlayan həmin kişi idi.
Əli Kərimin dünyanın, səmanın yaddaşına hopmuş səsi gəlirdi:
Gecələr
yazmaq,
oxumaq eşqi gələndə
Paşanın. Azərin, Orxanın.
Asın təbəssümümü
divar lampası kimi
başı üstdən
Üç canımın.
üç igid oğlanımın
Paşamın,
Azərimin,
Orxanımın.