Azərbaycan toplumu qara çay içkisinə çox üstünlük verir. Bəzi ədəbiyyatlarda hətta "qara sevda" adı verilən çayı yaşlı-qoca hamı içir. Yaşlılara rəğmən, son illər orta və gənc nəsil nümayəndələri arasında isə yaşıl çay aludəçilərinin sayı artmaqdadır. Arıqlamaq həvəsində olanlar, xüsusən aşağı çəkili qadınlar gecə-gündüz yaşıl çay içir.
Adambaşına illik çay tələbatı 2 kiloqramdır
Statistik rəqəmlərə görə, Azərbaycanda çaya olan illik tələbat 10 min tondan artıqdır ki, bunun da cəmi 5 faizi ölkədə istehsal olunur. Adambaşına illik çay tələbatı isə 2 kiloqramdır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdovun sözlərinə görə, sovetlər dönəmində Azərbaycanın ümumi çay istehsalı 30 min tondan çox olduğu halda, son 5 ilin statistikasına görə bu rəqəm 550-450 ton civarındadır.
Süfrə mədəniyyətimizin ayrılmaz hissəsi olan qara çay və yaşıl çay haqqında qida məhsulları üzrə mütəxəssis Ziya Məlikovla söhbət etdik. Onun sözlərinə görə, çay hazırda Azərbaycanda Lənkəran və Zaqatala bölgəsində becərilir. Vaxtilə Lənkəran, Astara, Zaqatala ilə yanaşı, Balakəndə də böyük çay plantasiyaları olub.
Mütəxəssisin sözlərinə görə, çay kolları toxumların, yaxud şitillərin yetişdirilməsi yolu ilə çoxaldılır. Çayçılıq elə sahədir ki, orda qısa bir müddətdə məhsul əldə etmək mümkün deyil: "Çay çoxillik bitkidir, əkiləndən 5-6 il sonra məhsul verməyə başlayır və ildə 4-5 dəfə çay yığımı aparıla bilir. Aqrotexniki qaydalara düzgün riayət edildikdə çay kolları 70, 80, 100 ilə qədər məhsul verə bilər. Çay xüsusi üzvü gübrələrlə və xüsusi şəraitdə suvarılma tələb edir. Keyfiyyəti aqrotexniki qulluq qaydalarından asılıdır".
Azərbaycanda Hind-Çin çay sortu yetişdirilir
Ziya Məlikov dedi ki, Hind-Çin çay sortuna məxsus olan Zaqatala və Lənkəran çayları nisbətən yüngül tərkibə, yaddaqalan dada malikdir: "Zaqatala və Lənkəran çayları tərkiblərinə görə cüzi fərqlənir, yalnız istehlakçı alışqanlığına görə onların tamında və dadında fərq var".
Mütəxəssisin sözlərinə görə, çay kollarının üst yarpaqlarından emal edilən çay keyfiyyətli hesab edilir. Emal prosesində çayın yarpaqları təbii və ya süni yolla soluxdurulur, sonra xüsusi qurğularda burulur.
Yaşılla qaranın fərqi...
Mütəxəssis dedi ki, yaşıl çayla qara çayın fərqi emalındadır: "Yaşıl çayla qara çay arasında maraqlı fərqlər var. Kobud müqayisə aparsam, yaşıl çay hər hansı bir təravətli meyvə-tərəvəzdirsə, qara çay konservləşdirilmiş - kompotu alınmış meyvə, yaxud turşuya qoyulmuş tərəvəzdir. Hər ikisi eyni çay kolundan dərilir, eyni cür burulma mərhələsindən keçir. Sonra yaşıl çay isti buxar yoluyla qurudularaq emal olunur, təbiətdən gələn xüsusiyyətlərini saxlayır.
Qara çay isə xüsusi fermentasiyaya məruz qalır, çayın yaşıl rəngi qaralır, bununla da spesifik rəng və dad qazanır. Qara çaya oksidləşmiş, yaxud fermentləşmiş çay da deyilir. Bu prosesi el arasında turşuma da adlandırırlar".
Ziya Məlikovun fikrincə, qara çay ürək-damar fəaliyyətinin tənzimlənməsində, əsəblərin sakitləşdirilməsində müsbət rol oynayır: "Qara çay daha çox istirahət edən orqanizm üçün münasibdirsə, yaşıl çay gümrah iş fəaliyyətinə xidmət edir, bədəndəki toksik maddələrin çıxarılmasında, immun sistemin möhkəmlənməsində, C vitaminin əldə olunmasında, maddələr mübadiləsinin tənzimlənməsində və yeni hüceyrələrin yaranmasında faydalıdır".
Çay niyə bulanır?
Mütəxəssis dedi ki, çayın üzərində yaranan nazik təbəqə bəzən istehlakçılarda narahatlıq yaradır, amma buna əsas yoxdur: "Çay ədəbiyyatında bunu qaymaqlaşma kimi qələmə verirlər. Bu, çayın soyuması zamanı baş verən haldır. Dəmləmə prosesində qarşılıqlı kimyəvi reaksiyalar zamanı çayda çöküntü yaranır, rəngi tədricən bulanır, efir maddələri və digər ekstraktlar soyuduqca çayın üzünə toplanır. İstehlakçılar soruşur ki, niyə əvvəllər bu hallara rast gəlinmirdi? Əvvəllər də vardı, amma sovetlər istifadə etdiyimiz Hindistan, Gürcüstan, Azərbaycan çaylarında bu qədər ekstraktiv maddələr yox idi".
Əvəzsiz içki sudur
Bəzi dietoloqlar "çayxor"ları çay narkomanı adlandırırlar. Dietoloq Tutu Zeynalova ən faydalı içki olaraq su içməyi tövsiyə edir. Onun fikrincə, qara çay gün ərində 2-3 fincanı aşmamaq şərti ilə və açıq rəngli qəbul edilməlidir: "Mən xəstələrdən soruşanda ki, su içirsiniz? Deyirlər, yox, çay içirik. Çay suyun yerini verməz. Əksinə, çayın sidikqovucu təsiri olduğu üçün bədəndən suyu atır. Orqanizm susuz qaldığı zaman isə diqqət pozğunluğu olur, maddələr mübadiləsi pozulur, qəbzlik kimi problemlər yaşanır.
Digər tərəfdən, çayı biz şirniyyatsız qəbul etmirik. Çay müxtəlif şəkərli qidalarla - şirniyyat, mürəbbə, qənd, şəkər tozu və sairlə qəbul edilir ki, bunlar da emal olunmuş şəkərlərdir, sağlıqlı qidalar deyil. Həm ürək-damar xəstəlikləri riskini, həm də gələcəkdə çəki artımını problemini yüksəldir.
Çayı müəyyən ağız dadına uyğun olaraq ədviyyatlar-mixək, darçın, zəncəfillə, eləcə də, kəklikotu, limonla qəbul etmək olar. Amma təbii ki, ayrı-ayrı orqanlarda problem yoxdusa... Məsələn, mədədə problem varsa, az limonla qəbul etmək lazımdır".
Fərəhləndirici, ruhlandırıcı qida, yoxsa...
Çayın faydasına gəlincə, Tutu Zeynalova deyir ki, bu içkini fərəhləndirici, ruhlandırıcı qida kimi qəbul etmək olar: "Amma elə möcüzəli faydası yoxdur".
Həkimin fikrincə, xəstələrarasında qəbzlikdən əziyyət çəkən insanların əksəriyyəti çaya üstünlük verən insanlardır: "Çünki orqanizm susuz qalanda bağırsaqdan su sorulur. Su içdikdə həm orqanizm sizə təşəkkür edəcək, həm də orqanizmin normal fəaliyyətdə olacaq. Bədənin 70, beyinin 90 faizi sudan ibarətdir. Gündə sidiklə minimum litr yarım su çıxır. Su tər, bağırsaqlar vasitəsilə də, nəfəslə də orqanizmdən xaric olur, gün ərzində minimum 2 litr su itiririksə, bunun yerini mütləq su ilə əvəz etməliyik".
Qazlı, şirin içkilər, qəhvə, meyvə şirələri tövsiyə olunmur
Dietoloq alternativ içki kimi qazlı, şirin, sərinləşdirici içki, qəhvə və meyvə şirələrini tövsiyə etmir: "Dünyada tapa biləcəyiniz ən sağlam içki sudur. Fikir vermisinizsə, türk qəhvəsinin yanında su verirlər. Ona görə ki, qəhvə də bədəndən suyun atılmasına gətirib çıxarır. Meyvə şirələrini də xüsusən acqarına qəbul etmək şəkər xəstəliyinə göndərilən dəvətnamədir. Çünki şirəyə çevrilmiş meyvə birbaşa qlükoza olur və meyvənin lif dəyəri itir. Allah lazım bilsəydi, meyvəni şirə şəklində yaradardı. Ona görə də qidaları təbiətin bizə verdiyi şəkildə qabıqları və lifləri ilə bərbər yemək lazımdır. Bu gün bütün Avropada çiy qidaların qəbulu çox populyarlaşıb. Qida təbiətdən nə qədər çox uzaqlaşıb, paketləşibsə, bir o qədər də təbiiliyini və faydasını itirir".
Yaşıl çay hər zaman məsləhət deyil
Mütəxəssis yaşıl çaydan istifadə hallarında da ehtiyatlı olmağı məsləhət görür: "Yaşıl çayın kofein nisbəti yüksəkdir. Hamilə xanımlara, 40 yaşdan yuxarı olanlara da məsləhət deyil. Çünki yaşıl çay bədəndən kalsium atımını artırır".
Bitki çaylarının da istənilən halda sidikqovucu xassəsi olduğunu deyən həkim bildirdi ki, bu içkilər böyrəklərin fəaliyyətini aktivləşdirib yüklədiyi üçün bitki çaylarını iki fincandan artıq içmək tövsiyə olunmur: "Bu məsələlərə də individual yanaşma var. İnsanda mövcud olan xəstəliklər, yaxud xəstəliyin yaranma riski nəzərə alınaraq ona bu içkilər məsləhət görülməlidir. İnsanlar cinsinə, qida mədəniyyətinə , yaşadığı coğrafiyaya, orqanizmin fərdi xüsusiyyətinə görə fərqlidir".
Sevil Hilalqızı