BMT Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumuna hazırlıqla bağlı təşkilatın nümayəndə heyəti Bakıya səfərə gəlib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ilə nazir Əbülfəs Qarayev arasında görüş keçiriləcəyi gözlənilir. Bununla yanaşı, nümayəndə həyəti Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində bir sıra görüşlər keçirəcək.
Görüş çərçivəsində Azərbaycanla BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti, Forumun keçirilməsi barədə müqavilənin mətni, Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, tədbirin TV və internet üzərindən yayımlanması və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 24 iyul 2015-ci il sərəncamına uyğun olaraq BMTSA-nın 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Forumda BMT üzv ölkələri, BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar və QHT nümayəndələrindən ibarət 3000-dən artıq rəsmi şəxsin iştirakı gözlənilir.