Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bölgələrdə inşa etdirdiyi fərdi yaşayış evlərindən 10 ədədi Ağdam rayonunda, 14 ədədi isə Ağcabədi rayonunda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirlərdə nazirliyin, adıçəkilən rayonların İH-nin, əlil ictimai birliklərinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Fərdi yaşayış evlərinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ölkəmizdə müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının daim gücləndirildiyini, onların rifah halının yaxşılaşdırılması yönündə mühüm addımların atıldığını diqqətə çatdırıb. Həmin insanlara yönələn Prezident təqaüdlərinin mütəmadi olaraq artırıldığı vurğulanaraq, eyni zamanda onların pensiya və ya müavinətlə təmin edildikləri, onlar üçün qanunvericilikdə bir sıra imtiyazların nəzərdə tutulduğu bildirilib.
Dövlət başçısının müvafiq Sərəncamlarına əsasən, son illərdə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi işlərindən bəhs olunub. Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutur. Sərəncamın icrası işlərindən biri kimi, respublikanın müxtəlif bölgələrində 375 fərdi evin tikintisi işləri aparılıb ki, onlardan artıq inşası başa çatmış evlər istifadəyə verilməkdədir. Bu kimi tədbirlər bir daha sübut edir ki, ölkəmizdə makroiqtisadi sabitlik və tərəqqi dinamikası qorunub saxlanmaqla bərabər, sosial proqramların uğurla davam etdirilməsi də təmin olunur.
Naibə QURBANOVA