Bakı Dövlət Universitetində (BDU) 14-cü Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib.
Universitetdən Teleqraf.com-a bildiriblər ki, müsabiqə BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası, Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Azərbaycan və Yaponiya dövlət himnlərinin səslənməsindən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəb, onun beynəlxalq əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı barədə məlumat verib. Rektor BDU-da yapon dili və ədəbiyyatı ixtisasının 2000-2001-ci tədris ilində açıldığını deyib. Müsabiqənin əhəmiyyəti barədə danışan rektor Abel Məhərrəmov iştirakçılara uğurlar arzulayıb.
Yaponiyanın Bakıdakı səfiri Tsuquo Takahaşi ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, müsabiqənin Azərbaycanda yapon dilini öyrənən tələbələrin bacarıqlarını dinləmək üçün gözəl fürsət olduğu bildirib.
BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, dosent Oqtay Cəlilbəyli artıq ənənə halını alan müsabiqənin əhəmiyyətindən söz açıb.
Tədbirdə iştirakçıların, münsiflər heyətinin və aparıcıların təqdimatı keçirilib, müsabiqənin keçirilməsi qaydaları izah edilib.
Müsabiqədə 16 tələbə öz bacarıqlarını nümayiş etdirib.
Sonda nəticələr elan olunub. İlk yerin sahibi Bakı Dövlət Universitetinin tələbəsi Xəyal Abdullayev Moskva beynəlxalq tələbələrin nitq müsabiqəsində çıxış etmək hüququ qazanıb.