15 Oktyabr 2015 12:16
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə Elektrik Şəbəkəsinin 24 işçisinin əmək hüququ pozulub. Bu barədə redaksiyamıza Kələntərli kəndində elektriki işləmiş, hazırda təqaüddə olan Xanış Vəliyev məlumat verib.

Xanış Vəliyevin sözlərinə görə, Mingəçevir Regional Elektrik Şəbəkəsinin tabeçiliyində olan Bərdə rayon yarımstansiyasının işçiləri əlavə işlədilərək az əməkhaqqı almalarından Tərtər rayon yarımstansiyasının elektrikləri ilə söhbətdə xəbər tutublar. Məlum olub ki, Tərtər montyorları əlavə işə görə də pul alıblar.

Əməkhaqqı tələb edən işçilərə qalan borcun müəyyən hissəsi ödənsə də, tam ödəniş aparılmayıb: "2013-cü il üçün 1800, 20012-ci il üçünsə 909 manat ödəndi, qalanını da pul olanda ödəyərik dedilər, amma bu günədək bizə qalan borc verilmir".

Hüquqları pozulan elektriklərin vəkili Yaşar Ağazadə bildirdi ki, əlavə işlədilməyə görə onlara əməkhaqqı ödənişi tam başa çatmayıb: "Onlar əlavə işlədilib, 2012-2013-cü ildə ödəniş edilib. Amma əvvəlki 2007, 2008, 2009, 2010-cu illərin pulu ödənilməyib. Bərdə Elektrik Şəbəkəsinin əmək hüquqları pozulan işçiləri iki il öncə Dövlət Əmək Müfəttişliyinə müraciət ediblər. Müfəttişlik işçilərin şikayətini yerində araşdırıb və məlum olub ki, onlar həqiqətən 2007-2008-ci ildən hər gün artıq işləməyə məcbur ediliblər.

Hazırda əvvəlki illərdən qalan əməkhaqqının ödənməsi ilə bağlı Səbayel rayon Məhkəməsinə müraciət etmişik. Ümid edirik ki, "Azərenerji"nin cavabdeh olduğu məhkəmə işə obyektiv və ədalətli baxacaq".

Məsələ ilə əlaqədar Mingəçevir Regional Elektrik Şəbəkəsinin rəhbəri Firqət Yusifovla da əlaqə saxladıq.
Firqət Yusifov bildirdi ki, Xanış Vəliyevə, eləcə də digər işçilərə idarənin borc qalmayıb: "Xanış Vəliyev təqaüdə çıxıb, ona nə haqq-hesab var, ödənib. 2007-nin bütün sənədləri arxivə verilib, indiyədək hardaydılar? Onların borcu qalmayıb, amma heç nəylə qane olmurlar. Məhkəməyə də veriblər, məhkəmə öz sözünü deyəcək. Bizim deyəcək sözümüz yoxdur".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər