7 satıcı yarmarkadan qovulub
Kənd Təsərrüfatı Nazirliyi 10 oktyabr 2015-ci ildən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, sərgi-satış yarmarkasında əksər rayonlardan gəlmiş arıçılar iştirak edir, xüsusilə Astara və Daşkəsən rayonlarından gələn arıçılar daha çox təmsil olunurlar. Bütün bal məhsulları rayonlarda zona baytarlıq laboratoriyalarında müayinədən keçirilib, bal məhsulu olan qablar bağlanaraq möhürlənib və keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədlər əsasında arıçılıq məhsulları müvəqqəti saxlanma anbarına təhvil verilib. Yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə satış salonunda və bal saxlanan anbarda müşahidə kameraları quraşdırılıb. Eləcə də yarmarkanın mütəşəkkil keçirilməsi üçün mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupu salonda satılan arıçılıq məhsullarına nəzarət edərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq olan 13 ədəd balla dolu bidonların 21oktyabr 2015-ci ildə yarmarkaya keçirilməsi faktını aşkar edib.
İşçi Qrupu 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb və həmin arıçılar da yarmarkadan kənarlaşdırılıb.
SEVİL