16 Dekabr 2015 10:26
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər gün 25 min, ildə 10 milyondan çox erkən nikah bağlanır. Təkcə Asiya və Afrika deyil, bir sıra Avropa ölkələrində də erkən nikahlar müşahidə edilir”.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib

Onun sözlərinə görə, bu problemlə bağlı bir sıra qanun layihələri qəbul edilsə də, bu istiqamətdə işlər aparılmalıdır:
“Bu gün ölkəmizdə təhsildən yayınıb erkən nikah bağlayanlar az deyil. Erkən nikah erkən yaşda ana olmaq deməkdir. Bu təkcə ana deyil, həm də uşağın həyatı üçün risklidir. Erkən nikaha daxil olan qızlar həm də fiziki, psixi zorakılıq qurbanına çevrilir. Araşdırmalar göstərir ki, erkən yaşda ailə quran qızlar daha çox zorakılığa məruz qalır. Ölkənin inkişafı həm də uşaq və gənclərlə bağlı həyata keçirilən işlərdən asılıdır. Bu gün ölkəmizdə bu istiqamətdə bir çox işlər aparılır”.

H.Hüseynova bildirib ki, bu gün erkən nikah, uşaqların təhsildən yayınması və onlara qarşı zorakılıq dünyanı narahat edən problemlərdəndir.

“Bu gün bir sıra Avropa ölkələrində insestin leqallaşdırılması kimi təkliflər irəli sürülür. İŞİD terrorçuları daun sindromlu uşaqları edam edirlər. Bu önü göstərir ki, bəşəriyyət qarşısında həllini gözləyən bir çox problemlər var. Son dəfə Nardaranda baş verən hadisələr göstərdi ki, uşaqların təhsildən yayınmasından istifadə edib onları müxtəlif radikal qruplara cəlb edirlər.Valideynlər 6-7-ci sinifdən məktəbdən uzaqlaşdırırlar. Analar dəfələrlə bizə müraciət ediblər ki, ərləri uşaqların məktəbdən yayındırırlar. Ümumilikdə ölkəmizdə erkən nikahların sayı azalsa da, Bakının bəzi kəndləri və bəzi bölgələrində erkən nikahların sayı artıb. Bunun üçün də bu rayonları müəyyən edib qabaqlayıcı tədbirlər görülməlidir. Komitə bu istiqamətə xüsusi diqqət ayırır. Son bir ilsə komitə tərəfindən 20 erkən nikah faktı qeydə alınıb onların 17-nin qarşısı alınıb”.

H.Hüseynova onu da vurğuladı ki, erkən nikahların qarşısını almaq üçün strategiya müəyyən edilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər