Təhsil Nazirliyi dünən keçirilən mətbuat konfransında 2015-ci təqvim ilinin təhsil xronikasını ictimaiyyətə təqdim edib. Videomaterialda 2015-ci ildə təhsil sahəsində görülən mühüm işlər, atılan addımlar, verilən qərarlar sadalanıb.
Yola saldığımız il Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına uyğun olaraq, müəllimlərin əməkhaqqı və dərs yükü artırılıb, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv olunub, Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaradılıb.
2015-ci ildə Prezidentin digər sərəncamları ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb, Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulub.
Kurikulum məktəbəqədər təhsilə də keçdi
Ötən il Heydər Əliyev Fondunun Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının icrası çərçivəsində ölkənin bütün şəhər və rayonlarında müvafiq tədbirlər təşkil olunub, məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının layihəsi hazırlanıb, ölkənin bütün şəhər və rayonlarında (Bakı istisna olmaqla) “Məktəbəqədər təhsilin proqramı (kurikulumu)” üzrə məktəbəqədər təhsil müəssisələrinin 8275 nəfər pedaqoji işçisi üçün öyrədici təlimlər keçirilib.
2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 58 məktəbin 10-cu siniflərində 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb. Bakıda və Sumqayıtda beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri istifadəyə verilib. Azərbaycanda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib.
Nazirliyin təqdim etdiyi illik hesabata görə, ümumtəhsil pilləsini bitirən məzunlar arasında “2” alanların sayı azalmaqdadır. 2012-ci il illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında “2” alan şagirdlər üzrə göstərici 14 faiz azalıb.
2015-2016-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum–700 bal toplayıb.
Kənd məktəbini seçənlər 30 faiz artıb
2015-ci ildə mərkəzləşmiş qaydada ümumi təhsil müəssisələrinə və peşə liseylərinə tam şəffaf və elektronlaşdırılmış işə qəbul müsabiqəsindən 3068 nəfər uğurla keçib, vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb. 2 il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min olduğu halda, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfərə yüksəlib, kənd məktəblərini seçənlər isə əvvəlki dərs ilinə nisbətən 30 faiz çoxalıb.
Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub, 357 ümumi təhsil məktəbinə yeni direktor təyin olunub.
2015-2016-cı dərs ilində ümumi təhsil müəssisələrinin I sinfinə qəbul olan şagirdlərin sayı 157000-ə yüksəlib. 2013-cü ildə bu rəqəm 138 000, 2014-cü ildə isə 152 000 olub.
Bu tədris ilində ümumi təhsil müəssisələrində 1 359 173 şagirdin təhsil alır.
2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb ki, bu da ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərməsi deməkdir.
2015-ci ildə Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) 308 təhsil müəssisəsi qoşulub. Bununla ATŞ-ə qoşulan təhsil müəssisələrinin sayı 2051-ə çatıb.
Xronikada Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətdən də bəhs olunur. “Bakı 2015” I Avropa Oyunların ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlər olub.
Peşə tədris mərkəzləri yaradılıb
İlk peşə və orta ixtisas təhsili müəssisələrində “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində “Liderlik və idarəetmə” təlimləri keçirilib. 3 kollec profilinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilib.
Azərbaycan və Koreya hökumətləri arasında imzalanmış sazişi çərçivəsində müasir tipli peşə tədris mərkəzinin yaradılıb, bu sahədə çevik idarəetmənin təmini məqsədi ilə Peşə Təhsili Dövlət Agentliyinin yaradılması təklifi irəli sürülüb.
Ali məktəblərə qəbul 4,6 faiz artıb
2015-ci ildə ali təhsil sahəsində də bir sıra mühüm addımlar atılıb. Nazirliyin təşkilatçılığı ilə II SABAH Forumu və Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirilib.
Təhsil Nazirliyi ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planını 4,6 faiz artıraraq, 39 497 yer (onlardan 11 799-u dövlət sifarişli) müəyyənləşdirib. Qiyabi təhsil forması üzrə plan yeri 77 faiz azaldılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.
2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul zamanı minimal keçid balı 200 bal müəyyən edilib. İlk dəfə Təhsil Nazirliyinin təşəbbüsü ilə bir sıra ixtisaslara minimal keçid balları müəyyənləşdirilib və imtahanlardan sonra keçid balları aşağı salınmayıb. Ali təhsil müəssisələrinə qəbul olan tələbələrin orta balı 11 faiz artıb.
Nəticə etibarilə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin keyfiyyət göstəriciləri artıb, qəbul planı 85 faiz yerinə yetirilib və ya 32 849 nəfər tələbə adı qazanıb.
600 nəfər “Gələcəyin müəllimi” təqaüdü alır
Təhsil Nazirliyinin təşəbbüsü və 10 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən “Maarifçi Tələbə Kredit” Fondu da 2015-ci ildə yaradılıb. Fondun əsas məqsədi ödənişli əsaslarla qəbul olunmuş, lakin təhsil haqqı və təhsillə bağlı digər xərcləri ödəməkdə çətinlik çəkən aztəminatlı tələbələrin təhsilinin maliyyələşdirilməsinə dəstək olmaqdan ibarətdir.
Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdü kəsilib. Bununla da “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb.
Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olub.
2015-2016-cı tədris ilindən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. Təhsil Nazirliyi Bakı Asiya Universitetinin öz fəaliyyətini müvəqqəti dayandırmaq barədə xahişini təmin edib.
Ölkəmizin ali məktəb və kolleclərinin 17 859 tələbəsi “Bakı 2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edib.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bu il başa çatıb. 2015-2016-cı tədris ilində gənclərə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradılıb.
2015-2016-cı tədris ili üzrə seçimlərdə uğur qazanmış 373 nəfər Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndərilib.
Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.
Sevil HİLALQIZI