Martın 18-də Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı mətbuat konfransı keçirilib.
Teleqraf.com-un məlumatına görə, mətbuat konfransında bildirilib ki, təsdiq olunan yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. 4 mərhələdən ibarət olan müsabiqə mart-aprel ayları ərzində baş tutacaq.
Yeni qaydalarda direktorların işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə bir sıra yeniliklər nəzərdə tutulub. Direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə biləcək.
Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant direktor vəzifəsini seçə bilər.
Əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.
Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur.