5 May 2016 13:53
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri MilixYevdayevdir. Onunla məşhur Qış bulvarına yaxın, təzə tikilmiş sinaqoqda görüşdük.

Söhbətə son günlərin mühüm hadisəsi olan “Multikulturalizm ili” və BMT Sivilizasiyalar Alyansının7-ci Qlobal Forumunun əhəmiyyəti barədə müzakirə ilə başladıq.

- 2016-cı ilin “Multikulturalizm ili” elan olunması dünyaya bir çağırışdır. Azərbaycan bu çağırışla bütün dünya dövlətlərinə bəyan etdi ki, multikultural dəyərlər yaşayır və dünyanın müqəddəratı bundan asılıdır.

Diqqət edin, Yaxın Şərq sanki od tutub yanır. Azərbaycanda isə milli, irqi zəmində heç vaxt heç bir münaqişə olmayıb, multikultural mühiti sehrli çubuq vasitəsilə yaratmaq mümkün deyil. Çünki multikulturalizm, tolerantlıq xalqın təfəkküründə, şüurunda və ruhunda olmalıdır.

Heydər Əliyev deyirdi ki, tolerantlıq yüksək mədəniyyətin təzahürüdür. Əgər bir xalqın canında o yüksək mədəniyyət olmasa, tolerantlıq deyilən bir məfhum olmaz.

- Dünyada dinə münasibətin birmənalı olmadığı zamanda yəhudilərin dini inancı hansı səviyyədədir?

- Hər zaman düşünürdüm ki, yaşlı nəsil dünyadan getdikdən sonra Tövratı oxuyanlar kim olacaq? Amma şükürlər olsun ki, vəziyyət tamamilə dəyişdi. İndi 10-12 yaşlı övladlarımız da Tövratı oxuyur, dinimizi yaşadırlar.

- Azərbaycandakı sinaqoqlar üçün hazırlanan ravvinlər harada dini təhsil alır?

- Qubadakı kollecdə ravvinlərimizə yüksək səviyyədə dini təhsil verilir. Hazırda bizim sinaqoqdakı ravvinlərin üçündən ikisi Qubadakı kollecdə oxuyub. Onları Qubada İsraildən gələn müəllimlər hazırlayır, sonra püxtələşmək üçün Moskvaya, İsrailə göndəririk.

“Yəhudilik millilik demək deyil, yəhudilik həyat tərzidir"

“Yəhudilik millilik demək deyil, yəhudilik həyat tərzidir və buna riayət edə bilmək lazımdır” - deyir MilixYevdayev: “Allah bizim üçün əməl olunması vacib sayılan 613 nəsihət göndərib. Onun 365-i qadağanedici, 248-i isə icazəverici nəsihətlərdir. Gündəlik həyatımızda 613 nəsihəti yaddan çıxarmamalıyıq, hamısına riayət etməliyik”.

Şənbə gününü yəhudilər Şabat adlandırırlar. Tövrata görə, Allah bütün kainatı altı gün ərzində yaratdıqdan sonra şənbə günü istirahət edib. Şabat cümə günü gün batanda başlanır. Bu vaxt ana şənbə şamını yandırır, ailəsinə xeyir-dua diləyir, ata isə övladları ilə sinaqoqa gedir, qayıtdıqdan sonra ailə şənbə süfrəsi ətrafına yığışır, ənənəvi mahnılar oxuyurlar.

Şabat günü niyyət edən adama od, işıq yandırmaq olmaz. İşıq yandırmaq olar, sadəcə onu niyyət edən adam yandıra bilməz.

Qidalanma yəhudilər üçün xüsusi əhəmiyyət kəsb edir. Vacib nemətlərdən sayılan əti paklaşdırmaq isə mürəkkəb prosesdir. Yəhudinin süfrəsində südlü qidalarla ət məhsullarını bir arada görmək mümkün deyil. Süfrədə ya ət olmalıdır, ya süd. İkisi bir arada olmaz.

Müsahibimiz deyir ki, bu onların qida menyusu yox, həyat tərzidir və buna əməl edirlər.

- Bir halda ki yəhudiliyin həyat tərzi olduğunu deyirsiniz,onda belə çıxır ki, yəhudi olmaq üçün yəhudi doğulmağa gərək yoxdur, deyilmi?

- Ailədə ana yəhudi deyilsə, dünyaya gətirdiyi övlad yəhudi sayılmır, ata yəhudi olsa belə. Çünki bizim inanca görə, millilik ana xətti ilə müəyyən edilir.

“Heç bir qüvvə burada iğtişaş törədə bilməz”

- Ermənilər Azərbaycanda iğtişaş yaratmaq üçün vasitə olaraq burada yaşayan azsaylı xalqlardan istifadə etməyə cəhd göstərirlər...

- Azərbaycanda etnik zəmində çaxnaşma yaratmaq üçün zəmin yoxdur. Mümkün deyil, çünki buna səbəb yoxdur.

Hər şənbə sinaqoqda Şabat bayramı ilə əlaqədar olaraq tədbir keçirilir. Burada ibadətə gələnlər üçün şabat süfrəsi açırıq.

Bir dəfə Fransadan 36 nəfər qonağımız var idi, şabat gününə təsadüf etmişdi. Onlar həmin gün burada yeyib- içib Fransa himnini oxudular, əyləndilər. Biz də onlar üçün mahnı oxuduq. Gördüm çox təsirləniblər.

Sonra məlum oldu ki, onlar yaşadıqları yerdə belə Şabat keçirə bilmirlər. Ona görə belə məclis onlar üçün təsirli olub. Bu şərait təkcə yəhudilər üçün deyil, burada yaşayan digər xalqların da öz adət-ənənəsinə əməl etməsi üçün şərait var. Belə olan halda heç bir qüvvə burada iğtişaş törədə bilməz.

Qalxan, üçrəngli Azərbaycan bayrağı və minor...

Bakıda yəhudilər üçün inşa olunmuş sinaqoq təkcə ibadətdən ötrü deyil. Burada yəhudilər tədbirlər keçirir, əlamətdar günləri də qeyd edirlər. Növbəti tədbir mayın 8-də Azərbaycanın Mill Qəhrəmanı Albert Aqanurovun xatirəsinə həsr olunacaq.

Milix Yevdayev bildirdi ki, Şəhidlər Xiyabanında qəhrəmanın anım mərasimi olacaq, sonra sinaqoqda onun ruhuna ehsan veriləcək. Bu, artıq ənənəyə çevrilib. Hər il Milli Qəhrəmanın doğum və anım günləri sinaqoqda cəbhə yoldaşlarının iştirakı ilə qeyd olunur. Əhalisinin 96 faizinin İslam dininə mənsub olan bir xalqın başqa bir dinə məbəd tikməsi dünyada analoqu olmayan bir faktordur.

Qeyd edək ki, yeni tikilmiş sinaqoq 2011-ci ilin mart ayından fəaliyyət göstərir.

Bakı Dağ Yəhudiləri İcmasının maraqlı loqosu var. Loqoda qalxan, üçrəngli Azərbaycan bayrağı və yəhduilərin minoru - 7 ədədli şam təsvir olunub.

Milix Yevdayev deyir, bu o deməkdir ki, Azərbaycan qalxan kimi bizi hər zaman qoruyur və əsrlər ötsə də bu torpaqda yaşayacağıq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər