1 İyun 2016 18:05
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl jurnalistlər Ceyranbatan Kompleksində suyun emal olunma prosesi ilə tanış olublar.

Məlumat verilib ki, kompleks əhalinin daha keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə inşa olunub: “Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi nəticəsində Ceyranbatan gölündə kifayət həcmdə su ehtiyatının yaranması yeni qurğunun xam su ilə təminatına imkan verib. 2011-ci il də Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli qoyulub. Gölün içərisinə doğru hər birinin uzunluğu 454 metr olan üç kəmər çəkilib. Suqəbuledici başlıqlar göldə hər hansı lillənmə baş vermədən quraşdırılıb və 1960-cı illərdə tikilən mövcud sugötürücü qurğunun işinə heç bir maneə yaranmayıb”.

Məlumat o da qeyd edilib ki, xam su anbarından suyun süzgəclərə sabit təzyiqlə ötürülməsini 16 nasos təmin edir: “Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən keçir, sonra qurğunun əsas təmizləyici modullarında süzülür. Süzgəclərə 4,5 atmosfer təzyiqlə ötürülən su modulların içərisində quraşdırılan 0,02 mikronluq xüsusi süzgəclərdən keçməklə, cəmi 20 saniyədə təmizlənir.

Hazırda dünyada az bulanıqlı suların emalı üçün ən səmərəli texnologiya məhz ultrasüzgəcli qurğular sayılır. Membran texnologiyasına əsaslanan belə qurğularda su heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur.

Belə qurğuların ən böyük üstünlüyü suyun təbii mineral tərkibini saxlamaqla, onu asılı hissəciklərdən - bakteriya, virus, bəzi həll olunmamış duzlar və ağır metallardan təmizləməsi, bulanıqlıq, xoşagəlməz iy və dadın aradan qaldırılmasıdır”.

Daha sonra tədbirdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov müsabiqənin keçirilməsi barədə məlumat verib: “Məqsəd Azərbaycanda su təsərrüfatının inkişafı və infrastrukturun yenidən qurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasıdır. Jurnalistlər müsabiqədə çox aktiv iştirak etdilər. Mən çox şad oldum ki, jurnalistlər bu kompleksi özləri gəlib gördülər və suyun emal prosesinin canlı şahidi oldular”.

Daha sonra çıxış edən KİVDF-nin direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 33 KİV-dən 51 yazı daxil olub. 40 jurnalist mükafatlandırılıb: “Müsabiqənin yekunlarına görə I yer üçün (1 nəfər) 1000, II yerlər üçün (2 nəfər) 800 manat, III yerlər üçün (3 nəfər) 600 manat mükafat nəzərdə tutulub. Birgə razılığa əsasən, həvəsləndirici mükafatların (hər biri 200 manat) sayı 15-ə qaldırılıb.

Bundan əlavə, müsabiqədə nisbətən qənaətbəxş nəticə göstərən daha 19 jurnalistə 100 manat pul mükafatı verilib. Ümumilikdə, müsabiqəyə sənəd verən 51 jurnalistdən 40-ı mükafatlandırılıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər