29 Noyabr 2016 12:01
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hərbi məhkəmədə hakim vəzifəsində işləyən Elbəyi Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimovun cinayət işi üzrə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhu Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Rəhim Kərimov vəkillərindən biri Adil Ağayevin prosesə qatılmadığını əsas gətirərək məhkəmənin davam etdirilməsinə etirazını bildirib.

Təqsirləndirilən şəxs prosesin təxirə salınmasını istəyib.

Hakim isə qeyd edib ki, qanunvericilik digər vəkilin iştirakı ilə iclası davam etdirməyə icazə verir.

Nəsimi Rayon Mühafizə Xidmətinin əməkdaşı Şakir Quliyev şahid qismində ifadə verib. O deyib ki, hadisə zamanı təxminən 200 metr aralıda olub: "Səsə döndüm, tüstüdən heç nə görmədim. Ucaboylu bir adam maşının qabağında idi, qaçıb ondan soruşdum ki, nə olub, əli ilə maşını göstərdi.

Maşına baxdım, heç kim yox idi. Sonra maşının qabağından Rüfəti dartıb çıxardıq, təcili yardıma zəng etdim. Rüfətin ayaqları sınmışdı, daxili qan axması var idi. Yol polisi gəldi, bu şəxs (Rəhim Kərimovu göstərərək- H.Z.) sürücü olduğunu dedi və sənədləri təqdim etdi".


Prokurorun suallarını cavablandıran Şakir Quliyev bildirib ki, yolda hərəkətdə olarkən oradan sürətli maşın keçdiyini görməyib.

Daha sonra şahid qismində Rauf Şükürlü ifadə verib. O bildirib ki, hadisə zamanı qəza törədilən avtomobilin içində olub: "Rəhimi uşaqlıqdan tanıyıram. Hadisə günü gündüz Rəhimlə görüşdük, Nərimanov metrosunun yanına gedib Nəqliyyat Nazirliyində işləyən dostumuz Muxtarı götürdük, sonra da Musa gəldi. Şəhərdə gəzirdik. Musaya borcu olan bir adam vardı, onu götürmək üçün Biləcəriyə getdik, ordan da Muxtarı aparıb evə qoyduq.

Hadisə olanda mən öndə sağda oturmuşdum, mən sönmüşdüm, amma narkotik istifadə etməmişəm. Bir də eşitdim ki, qışqırırlar, gözlərimi açdım, gördüm qəza olub. Şokda ayıldım, zərərçəkənə heç nə kömək etmədim, ora-bura gəzirdim. Musa o uşağı yerdə qucaqlamışdı, Rəhim sınmış əlini tutub dayanmışdı".

Növbəti proses dekabrın 6-da davam edəcək.

İttihama görə, Rəhim Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilir.

İttihamda qeyd edilib ki, hadisə bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Tərtər Hərbi Məhkəməsinin hakimi olmuş Elbəyi Allahverdiyevin oğlu olan 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş.

Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi olub.
Elbəyi Allahverdiyev əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim işləyib, sonradan isə Tərtər Hərbi Məhkəməsinə hakim təyin olunub. Bu qəzadan sonra Elbəyi Allahverdiyev Bakı Hərbi Məhkəməsinə təyinat alıb.

Elbəyi Allahverdiyev hazırda MTN generalı Akif Çovdarovun və dəstəsinin cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər