Xəbər verdiyimiz kimi Bakı Ağır Cinayətlər Məhkəməsində tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyevi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Məhkəmə iclasında Türkan Bağırlı ifadə verib. O, deyib ki, Cavid Həmişəyevi 2012-ci ildən tanıyıb. Onun sözlərinə görə, Cavid Həmişəyev onun işlədiyi “101” çay evinə gəlib. Həmin çay evində Cavidlə tanış olduğunu deyən Türkan Bağırlı həkimlə isti münasibətlərinin yarandığını bildirib: “Həmin ərəfədə mənim telefonum yox idi. Cavid mənə 300 manat verdi ki, özümə telefon alım. Mənə kirayə ev tutdu, 2 ay orda yaşadım Cavid evin qapısının açarlarından birini mənə vermişdi. Məni birgə yaşamağa məcbur etmirdi. İstədiyim vaxt ondan uzaqlaşa bilərdim”.
Türkan Bağırlı qeyd edib ki, Koroğlu Məmmədovla 2013-cü il mayın 18-də tanış olub. Koroğlunu Güllü adlı tanışı vasitəsilə tanıyıb: “Həmin gün Koroğlu ilə birlikdə Cavidin evində qalmışıq. Onunla birlikdə evdə gecələmişik, səhəri günü evi tərk etmişik”.
“Cavidlə qucaqlaşanda Koroğlu içəri girdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 24-də Cavidə zəng etməyib, həmin gün Koroğlu ilə birlikdə Cavidin evinə getməyib: “Mayın 25-də Koroğlu və Yasinlə birlikdə Cavidin kirayə tutduğu evin yanına gəldik. O vaxta kimi Cavidin mənim çantama bıçaq qoyduğunu görməmişəm. Bilmişəm, çantamda bıçaq var, bıçağı çantaya kimin qoyduğunu bilməmişəm. Küçədə çantanı Koroğluya verdim və Cavidə zəng etdim. Cavid qapının açıq olduğunu dedi. Mən də onun kirayə tutduğu mənzilə qalxdım.
Həmin vaxt Cavid çarpayıda uzanmışdı. İçəri daxil olanda Koroğludan mənə zəng gəldi. Buna görə də təkrar Koroğluya zəng etdim və bir neçə dəqiqəyə aşağı düşəcəyimi bildirdim. İçəri daxil olandan sonra paltarlarımı yığışdırdım. Cavidlə quçaqlaşaraq sağollaşanda Koroğlu içəri girdi, məni kənara itələdi və Cavidi bir dəfə bıçaqla vurdu. Həmin vaxt özümü itirdiyim üçün hamama keçdim. Cavidə başqa zərbələrin vurulmasını görməmişəm”.
“Butulka üstündə oturtmaqla hədələyib”
Türkan Bağırlı istintaqa verdiyi ifadəsindən imtina edib. O, ifadələrə oxumadan, təzyiq altında imza atdığını deyib: “Müstəntiq məni butulka üstündə oturtmaqla hədələdi. Baş prokuror Zakir Qaralova şikayət etmişəm. Bildirmişəm ki, müstəntiq işimizə düzgün baxmır. Buna görə də iş üzrə müstəntiqi dəyişiblər”.
Mərhumun həyat yoldaşı İradə Oruclunun vəkili Aslan İsmayılov Türkan Bağırlıya suallar verib. O, vəkilin suallarını cavablandırmaqdan yayınıb. Aslan İsmayılovun “Cavidə məxsus maşında nə olub” sualına Koroğlu Məmmədov hakimdən icazə almadan əsəbi cavab verib: “Maşında nə olacaq? Qurbağa vardı”.
Daha sonra suallara cavab verən Türkan Bağırlı uşaq evindən övladlığa götürüldüyünü deyib. Onun sözlərinə görə, 13 yaşından tək yaşamağa başlayıb: “Həmin yaşdan özüm istədiyimi etməyə başlamışam”.
Türkan Bağırlı daha sonra qeyd edib ki, Koroğlu Məmmədovun əvvəllər adam öldürməsi ilə bağlı danışıqları olmayıb.
Aslan İsmayılov Koroğlu Məmmədovdan Yura adlı tanışının olub-olmadığını soruşub. Koroğlu Məmmədov Yura adlı şəxsi tanımadığını, əvvəllər qətl cinayətində iştirak etmədiyini bildirib.
Hakim Türkan Bağırlının ibtidai istintaqa verdiyi ifadəsini elan edib.
“Bir müddət Cavidin verdiyi pulla dolanmışam”
Türkan Ağayeva istintaqa verdiyi ifadəsində göstərib ki, “101” adlanan çay evində həm inzibatçı, həm də ofisiant işləyib. Onun ifadəsinə görə, CavidHəmişəyev bir müştəri kimi həmin çay evinə gəlib və ona vizit kartını verib: “Cavid ona zəng vurmağımı xahiş etdi. Telefonumunolmadığınıbildikdə mənə telefon almağa pul verdi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, telefon alandan sonra Cavidlə əlaqə saxlayıb və beləliklə, onların arasında münasibət yaranıb: “Hətta Cavid Həmişəyev mənə “Gənclik” metrosunun yaxınlığında kirayələdiyi mənzilin açarını verdi. Həmin mənzildə tez-tez görüşmüşük. Bir müddət Cavidin verdiyi pulla dolanmışam. Sonra “Elit” çay evində işləməyə başlamışam. Həmin gün kafedə işləyən Güllü adında qadının vasitəsi ilə Koroğlu ilə tanış olmuşam. Həmin gün işdən sonra Güllü ilə gecələmək üçün Cavidin kirayələdiyi mənzilə gəlmişəm. Sonra Koroğlu da həmin mənzilə gəldi. Həmin gecə Koroğlu ilə cinsi əlaqədə olmuşam, səhərigün Koroğlu məni işə buraxmadı, mənə bir daha işləməyəcəyimi, bu gündən onunla Buzovnadakı evlərində yaşayacağımı dedi”.
Türkan Bağırlı daha sonra ifadəsində göstərib ki, Koroğlu onun telefonuna çoxlu zənglərin gəldiyini görüb və telefonunu əlindən alıb: “Koroğlu nömrəmi qırdı, mənə zəng edən şəxslər barəsində soruşdu. Ona Cavid barədə danışdım. Cavidinyaxşı imkanı olduğunu, mənə dəfələrlə pul verdiyini, bahalı avtomobilinin olduğunu dedim. Hadisədən 2-3 gün qabaq Koroğlu Cavidi öldürüb maşınını qaçırmasını təklif etdi. Buna görə də aramızda mübahisə düşdü”.
Türkan Bağırlı qeyd edib ki, mayın 25-də Cavidə zəng edib və görüşməyi təklif edib. Onun sözlərinə görə, həmin gün Koroğlu Yasinə zəng vurub və onları Buzovna qəsəbəsində “Xurustalnı” adlanan yerdə gözləməsiniistəyib: “Koroğlu axşam itilədiyi bıçağı pambığın arasına bükərək mənim çantama qoydu və piyada Yasinin yanına gəldik. Koroğlu Yasindən bıçaq götürüb-götürmədiyinisoruşdu. Yasin bıçaq götürmədiyini bildirdi”.
Türkan Bağırlı ifadəsində Cavid Həmişəyevin evinə gəlmələri, onu öldürmələri haqda danışıb.
Daha sonra prosesdə şahidlər Çingiz Şahbazov, Elçin Xakiyev, Elnur Azadxanov və Orxan Həmişəyev ifadə veriblər. Hakim növbəti məhkəmə iclasını iyulun 24-nə təyin edib.
Prosesdən sonra Cavid Həmişəyevin anası Pakizə Həmişəyeva İradə Oruclunun vəkili Aslan İsmayılovun üstünə hücum çəkib. Mərhumun anası Aslan İsmayılovu təhqiramiz ifadələrlə söyüb.
Ötən prosesdə Cavid Həmişeyevin valideynləri vəkil Aslan İsmayılovu mərhumun həyat yoldaşı İradə Oruclu ilə birgə qətli sifariş verməkdə ittiham etmiş, vəkil də növbəti prosesdə bu ittihamlara cavab verəcəyini bildirmişdi. Ancaq Aslan İsmayılov iyulun 7-də keçirilən məhkəmə iclasında hər hansı açıqlama ilə çıxış etmədi.
Hacı Zeynalov