10 İyul 2014 11:56
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd edən Sumqayıt şəhər sakini Fərəc Muradovun məhkəməsi başlayıb. İttihama görə, bu ilin yanvarın 14-də Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində Fərəc Muradov həyat yoldaşı Cəmilə Muradovanı bıçaqlayıb.

Gecə növbəsində işləyən Fərəc həyat yoldaşı Cəmilənin hərəkətlərindən şübhələnib. Həmin gün səhərə yaxın avtomobil yolunda 29 yaşlı Cəmilə Muradova qan içərisində huşsuz vəziyyətdə tapılıb. Qadının küçənin ortasında bıçaqlanması xəbərini isə Sumqayıt Şəhər Prokurorluğuna gələrək “arvadımı öldürdüm” deyən şəhər sakini Fərəc Muradov deyib. Dərhal onun dediyi ünvana gələn polis və prokurorluq əməkdaşları Cəmiləni həmin yerdə tapıblar. Xoşbəxtlikdən qadın yaralı olub.

Xəstəxanaya çatdırılan qadının bədənində həkimlər 7 bıçaq zərbəsi aşkarlayıblar. Prokurorluğa təslim olan Fərəc Muradov deyib ki, gecələr növbədə olan zaman arvadı Cəmilənin ona xəyanət etməsindən şübhələnib və onu güdməyə başlayıb. Hadisə baş verən gün Cəmiləni izləyib. Onun evdən çıxdığını görən Fərəc arxasınca düşərək küçədə ondan hara getdiyini soruşub. Qadının şübhəli cavablarından hər şeyi anlayan Fərəc onun sinəsinə çoxsaylı bıçaq zərbələri vurub.

Fərəc Muradovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Fərəc Muradov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Hacı


Müəllif: