Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Yasin Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Leyla Məmmədova-Əsgərovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 17-nə təyin olunub.
İttihama görə, qətl hadisəsi ötən il oktyabrın 2-də Sabunçu rayonu ərazisində baş verib. Həmin gün yetkinlik yaşına çatmayan Həsən Qurbanovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan Yasinin rayonun Zabrat qəsəbəsi ərazisində mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirilməsi nəticəsində Həsənin müalicə aldığı xəstəxanada ölməsi müəyyən edilib.
İstintaq orqanı tərəfindən Yasin Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, qətlə yetirilən Həsən 71 nömrəli orta məktəbin 11-ci sinfində oxuyurmuş. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il 9-cu sinifdən sonra təhsilini davam etdirməyib.
Araşdırmalar zamanı məlum olub ki, onlar arasında sosial şəbəkədə mübahisə yaranıb. Daha sonra yeniyetmələr yer təyin edərək görüşüblər.
Bu zaman Yasin Mirzəyev həmyaşıdının bud nahiyəsinə bıçaqla zərbə endirib. Xəsarət ölümcül olmasa da, bıçaq zərbəsi Həsənin vena damarını kəsib və o, çoxlu qan itirib. 16 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, vəfat edib.