31 İyul 2014 15:46
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən “Atropatena” Qapalı Səhmdar Cəmiyyətinin mühasibi Seymur Musayev, şirkətin əməkdaşları – Emil Əfəndiyev, Orxan İbrahimov, Nuqzar Ömərov, Ruslan Vəliyev, Natiq Yusifov, Ramil Feyziyev, Müşfiq Əzməmmədov, Zamiq Rüstəmov, Həsən Gülverdiyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Ittiham aktında qeyd olunub ki, Zamiq Rüstəmov “Atropatena” şirkətinin audit şöbəsinin mühasibi Seymur Musayevlə cinayət əlaqəsinə girib. Onlar şirkətə məxsus küllü miqdarda özgənin əmlakını talayıblar.

Belə ki, satış nümayəndələri pulları onlara həvalə edilmiş ərazilərdə yerləşən ticarət obyektlərindən toplayıblar. Onlar topladıqları pulların bir hissəsini şirkətə ödəyib, qalan hissəsini isə auditorlar öz aralarında bölüşdürüblər.

Seymur Musayev vəzifə saxtakarlığı törətməklə “Atropatena” QSC-nin mərkəzləşdirilmiş “Netsis” hesablama-nəzarət mühasibatlıq proqramına daxili olub və həmin proqramın imkanlarından istifadə etmək hüquqlarına malik olan şəxs kimi satış nümayəndələrinin hesabları silməyi təşkil edib. Bununla da şirkətə 4.191.634.2 manat dəyərində pulu mənimsəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Musayev 12 il 6 ay, Nuqzar Ömərov 10 il, Orxan İbrahimov 10 il Emil Əfəndiyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri qismən təmin edilib. Seymur Musayevə 3 il, Nuqzar Ömərova 2 il 6 ay, Orxan İbrahimova 2 il, Emil Əfəndiyevə 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökm qalan hissədə dəyişdirlməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər